[b]“Sumqayıt”a Azərbaycan millisi üçün keçsə də...[/b]
14.02.2018 - 11:20
[b]“Sumqayıt”a Azərbaycan millisi üçün keçsə də...[/b]

2012-13 mövsümündə “Sumqayıt”ın formasını geyinmiş Ərdal Çəlik karyerasını bitirib. Apasport.az saytının Almaniya mətbuatına istinadən məlumatına görə, 30 yaşlı müdafiəçini buna ağır zədə məcbur edib.

 

Son klubu Almaniyanın aşağı liqa təmsilçisi “Vixttal” olan Çəlik ötən ilin oktyabrında aldığı zədədən sonra əməliyyat olunsa da, həkimlər onun karyerasını bərpa etməsinin riskli olduğunu bildiriblər. O, yerli mətbuata açıqlamasında artıq məşqçi kimi fəaliyyət göstərəcəyini söyləyib: “Futbola qayıtmaq üçün çox çalışsam da, həkimlər oynayacağım təqdirdə daha ağır fəsadların olacağını bildirdilər. Ancaq uşaqları yaxşı şəkildə yetişdirə biləcək məşqçi ola bilərəm”.

 

Yazıda Türkiyə əsilli oyunçunun “Sumqayıt”da keçirdiyi dönəm də yada salınıb. Maraqlıdı ki, onun həmin vaxt Azərbaycan millisinə dəvət almaq üçün “gənclik şəhəri” təmsilçisinə keçdiyi vurğulanıb. Lakin karyerası uğurlu alınmayan futbolçu ölkəmizdə çox qalmayıb.

 

Qeyd edək ki, 2012-ci ilin yayında “Bucaspor”dan “Sumqayıt”a üz tutan Ərdal Çəlik cəmi 2 matçda meydana çıxıb və daha sonra “Homburq”a yollanıb.

0