[b]11 yaşlı “Apasport” rəhbərinə 11 sual: Məni istefaya göndərəcək adam işimdən narazı deyil[/b]
05.03.2018 - 16:28
[b]11 yaşlı “Apasport” rəhbərinə 11 sual: Məni istefaya göndərəcək adam işimdən narazı deyil[/b]

Bu gün Apasport.az saytının 11 yaşı tamam olur. Lent.az saytın baş redaktoru İxtiyar Əsgərovdan müsahibə götürərək, 11 il ərzində baş verən bəzi məqamlara aydınlıq gətirib.

 

1.

-  Yanılmıramsa “Apasport” ilk peşəkar idman agentliyidi. İdeya kimdən gəldi? Kiminlə başladız? Alınmamaq qorxusu vardımı canınızda?

- İdeya o vaxt APA-nın baş direktoru, hazırda holdinqin prezidenti olan Vüsalə xanımdan gəlib. İdman saytı yaratmaq istədiyini söyləyib, mənə komanda yığmağı tapşırdı. İlk kollektivdə mənimlə yanaşı, Kənan Həsənov, Mehman Süleymanov, Elşən Məmmədov olub, 1-2 ay sonradan isə Aqşin Əliyev bizə qoşulub. Əslində, mənim normal xəbər yazmaq problemim olmayıb. Olsaydı, yəqin ki, heç o vaxt APA-ya işə götürməzdilər. (Gülür) Hətta dəqiq yadımdadı ki, o vaxt redaktorlar mənə siyasət müxbiri kimi çalışmağımı məsləhət görürdülər. Amma razılaşmadım. Alınmamaq qorxusuna gəlincə, bizdən dünyada baş verən siyasi və ya iqtisadi vəziyyətlə bağlı nəsə şərh yazmaq yox, sadəcə xəbər agentliyi yaratmaq tələb olunmuşdu. Bu sarıdan o qədər də qorxum olmayıb.

 

2.

- 11 il əvvəl bu gün. İlk xəbər nə olmuşdu “Apasport”da? Siftəni kim eləmişdi?

- Dəqiq yadımda deyil. Təbii ki, Kənan-Mehman-Elşən “üçlüyü”ndən biri olub. Siftəni kim edibsə, barmaqları var olsun, 11 il ayaq üstə qalıbsa, uğurlu alınıb demək.

 

3.

- Futbol terminiylə desək, komanda oyunu oynayırsınız. Komandanızda zaman-zaman oyunçu dəyişiklikləri də olur, müxtəlif transferlər də. 11 il ərzində ən ideal komandanı hansı illərə aid edərdin.

- “Apasport”da indiyədək çalışmış hər kəsə minnətdaram. Kiminsə əziyyətini yerə vurmaq fikrim yoxdu. Amma məncə “Apasport”un daha çox tanınmasına görə ilk kollektivi fərqləndirərdim. 10 ildi çiyin çiyinə çalışdığımız Vüqar Xeyrullayev “Apasport”un İnyestasıdı. (Gülür) Bütün dönəmlərdə ona ehtiyac olub. Eləcə də ad günü ərəfəsi avtomobil qəzasına düşən Tahir Hümmətov. Tengizə, Ruslana gəlincə, onların tərbiyəsi, əxlaqı hər şeyə dəyər.

 

4.

- Bir dəfə demişdin ki, neçə illərdir “Arsenal”a rəhbərlik edən Vengerə bənzəyirəm. Amma “Apasport”dan və səndən fərqli “Arsenal” və Vengerin vəziyyəti indi yaxşı deyil. Bəlkə Vengeri Qurbanla əvəz edək?

- Venger bənzətməsini ötən il zarafatla demişdim. Düzdü, “Arsenal” hazırda liderdən çox geridə qalır, azarkeşlər hesabat turundan sonra Vengeri istefaya səsləyib. Amma yəqin razılaşarsız ki, “Apasport” həmişə liderlər qrupunda olub, məni istefaya göndərəcək adamsa işimdən o qədər də razı olmasa belə, narazı deyil. Qaldı ki, özümü Qurban Qurbanova bənzətmək, çox istəsəm, çalışsam belə, düz gəlməz.

 

5.

- Azərbaycanda bəlkə də yeganə saytsınız ki, bu 11 ildə bircə dəfə də təkzib verməmisiniz. Buna necə nail olmusunuz? Xəbəri qoyub  “əcəb edirəm, təkzib vermirəm” məntiqiylə, ya xəbərin mötəbərliyinə tam əmin olursunuz ona görə?

- Deyəcəm, inanmayacaqsınız. Problem odu ki, daha çox hansısa sayta istinadən qoyduğumuz xəbərin davası gedib bizlə, onun təkzibini istəyiblər. 10-15 dəqiqəlik “dava”dan sonra başa salmışam ki, təkzibi mən yox, ilk yayan verməlidi. Öz yazdıqlarımıza gəlincə, əslində, təkzib verməli olduğumuz xəbərlər olub. Amma sakitcə, problemi həll etmişik.

 

6.

- Apasport Azərbaycan millisinin və ya klublarının iştirak etdiyi əksər mötəbər yarışlarda təmsil olunur. Amma nə olimpiadalarda, nə də Avropa və Dünya Çempionatı kimi iri yarışlarda təmsil olunmursunuz. Nəzərə alsaq ki, saytın rus versiyası da var. Səbəblər barədə danışmayaq. Müəyyən reallıqlar var. Amma nə vaxtsa bu arzunuza da çatacağınıza inanırsınızmı? Məsələn, DÇ 2018 düz qulağımızın dibində keçiriləcək… Məşhur şüar kimi çıxmasın: Niyə də yox!

- Deyəsən, o məşhur şüar yığma səviyyəsində olmasa belə, reallaşmaq üzrədi. Yayda Rusiyada keçiriləcək dünya çempionatına Azərbaycan mediasından 2 jurnalist akkreditasiya üçün müraciət edib ki, onun da biri “APA Holdinq”in əməkdaşıdı. Ötən ilin sonlarında saytımızın adından AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinə müraciət etmişdim. Sağ olsun, departamentin rəhbəri Firuz Abdulla bəzi prosedura qaydalarında bizə xeyli kömək etdi. Hazırda FİFA-dan cavab gözləyirik. Bildiyim qədərilə ali futbol qurumu tərəfindən hansısa texniki problem çıxmasa, holdinqin əməkdaşı ən azından mundialın Rusiyada baş tutacaq 12-13 oyununda olacaq. Vurğuladığınız müəyyən reallıqları nəzərə alıb, bu işi Rusiyadakı əməkdaşımız, Moskvada yaşayan Fərid Əkbərova həvalə etmişik. Olimpiadaya gəlincə, indiyədək yalnız bir dəfə, London Olimpiadasında ştatlı əməkdaşımız olmasa da, kənar jurnalistlə əməkdaşlıq etmişik. Ən azından, həmin həmkarımızın göndərdiyi xəbər, müsahibə “obşi katyol” yox, öz məhsulumuz olub.

 

7.

- Azərbaycanda idman saytlarının sayı az qala 100-ə çatıb. Real rəqibləriniz isə ya 2 olar, ya üç. Belə rəqabətsizlik sizdə arxayınçılıq yaratmır ki?

- Yüzə çatmasa da, idman saytlarının sayı 50-dən çoxdu. Nəzərə alaq ki, futbol çempionatında 8, voleybolda qadınlarda 4, kişilərdə 7 komanda var. Yəqin, həmkarlarım məndən inciməzlər, Azərbaycan üçün hətta 20 idman saytı çoxdu. Belə deyək, indi saytı olmayan jurnalistə pis baxırlar. Rəqiblərin hər birinə hörmətimiz var, rəqabətə də hazırıq. Sutkanın 18 saatı saytda xəbər olur və “Apasport” 10 ilə yaxındı belə stabil çalışır. Reallıq budu ki, şəraitə, əməkdaşlarımızın sayına görə biz kiminləsə yox, çoxları bizlə rəqabət aparır.  Hətta çoxları üzümə deyib ki, biz də “Apasport” kimi sayt yaratmaq istədik, amma çox yaşamadı.

 

8.

- Ad günü hansısa “ÇP”dən danışmaq istəməzdim. Amma “ÇP”siz də olmur, çünki bura jurnalistika, özü də onlayn mediadır. Ciddi hansısa “ÇP” yadındadırmı?

- “ÇP” çox olub, amma saytda uzun müddət qalmayıb. Həmin səhvi ya özümüz görüb düzəltmişik, ya digər saytlardakı dostlarımız kömək edib.

 

9.

- Zepp Blatter və Alina Kabayeva arzusu hələ də qalır. Yəqin, bildin nəyi deyirəm.  Bu siyahıya daha kimləri əlavə edərdin?

- Nəyi nəzərdə tutduğunuzu bildim. Blatterlə Kabayeva arzu olaraq qalacaq çox güman. Yəqin, elə Messi də heç vaxt müsahibim olmayacaq.

 

10.

- 11 ildə apasport idman mətbuatına nələr verib? Kimləri verib?

- Ən azından 150 minə yaxın dəqiq xəbər verib. Ən azından bizi sarı mətbuat kimi tanımırlar. “Kimlər”ə gəlincə, həmişə hazır kadrlarla çalışmışıq. 

 

11.

Sonuncu 11-ci sual. İxtiyar Əsgərov hansı proyektləri həyata keçirmək istəyir? Səncə, “Apasport” adına daha nələr etmək olar? Və biz gələn il martın 5-nə kimi onları görəcəyikmi?

- “Apasport” adına elə ideyalar həyata keçirmək olar ki, Avropa demirəm, ən azı post sovet məkanında özümüzdən söz etdirə bilərik. Mən çox şadam ki, bizə istinad edirlər. İstər Rusiya, istərsə də digər ölkələrin mətbuatı. Amma gələn il martın 5-nə kimi sürprizlərimiz ola bilər.

lent.az

0