Azərbaycan Premyer Liqasında oynayan daha 6 futbolçu üçün mövsüm vaxtından qabaq başa çatıb
21.05.2008 - 15:48
Azərbaycan Premyer Liqasında oynayan daha 6 futbolçu üçün mövsüm vaxtından qabaq başa çatıb
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Futbol üzrə XVI Azərbaycan çempionatının axırıncı turunda daha 6 futbolçu meydançaya buraxılmayacaq. “APA-Sport” agentliyinin məlumatına görə, buna həmin oyunçuların Premyer Liqanın XXV turunda sarı vərəqə ilə cəzalandırılmaları səbəb olub. Bunlardan ən tanınmışı “Olimpik” klubunun üzvü Elvin Əliyevdir. Cari mövsümdə 8-ci dəfə xəbərdarlıq alan müdafiəçi “Qarabağ”la görüşdə iştirak edə bilməyəcək. Analoji səbəb üzündən “Simurq”un futbolçusu Aleksandr Malıgin üçün də mövsüm vaxtından qabaq başa çatıb. Bundan başqa, Ernad Skuliç (“Bakı”), Deviko Xunçaqov (“Masallı”), Şəhruz Mustafayev və Vladimir Tsaranu (hər ikisi “Qəbələ”) 4-cü sarı vərəqə ilə cəzalandırıldıqlarından diskvalifikasiya olunublar. Beləliklə, çempionatın yekunu ərəfəsində cəzalı futbolçuların sayı 9-a çatıb. Öncə qırmızı vərəqə alan Zaur Tağızadə (“Neftçi”), Ramin Hacıyev (“Simurq”) və Əli İsmayılovun (“Qəbələ”) mayın 27-28-də keçiriləcək oyunlarda meydançaya çıxmayacaqları bilinirdi.
0