[b]Ömər Paşayev varsa, “Keşlə”yə xal yoxdu[/b]
13.03.2018 - 14:09
[b]Ömər Paşayev varsa, “Keşlə”yə xal yoxdu[/b]

Azərbaycan Premyer Liqasının bu gün keçiriləcək “Keşlə” – “Qəbələ” qarşılaşmasını idarə edəcək Ömər Paşayev 2018-ci ildə ilk çempionat matçına çıxacaq. Apasport.az saytının məlumatına görə, FİFA referisi mövsümün ilk yarısında 8 qarşılaşmada fit çalsa da, qış fasiləsindən sonra Premyer Liqa görüşlərində ədaləti qorumayıb.

 

Sonuncu dəfə XIV turun dekabrın 3-də keçirilən “Səbail” – “Zirə” görüşündə şans qazanan Paşayev 128 gündən sonra yüksək liqa matçına təyinat alıb.

 

Maraqlıdı ki, onun mövsümdəki ilk oyunu da eyni komandaların eyni arenadakı matçına təsadüf edib. Ötən il avqustun 12-də keçirilən matçda “Qəbələ” 2:1 hesablı səfər qələbəsinə sevinmişdi. Referi isə meydan sahiblərinə 2, qonaqlara 3 sarı vərəqə verməklə yanaşı, həmin vaxt “İnter” adlanan paytaxt klubunu penalti ilə cəzalandırmışdı.

 

Ümumilikdə isə Paşayev 8 görüşdə 3 dəfə 11 metrlik nöqtəni göstərib. O, iki dəfə meydan sahibləri, bir dəfə qonaqların lehinə qərar verib. Qırmızı vərəqə göstərməyən hakim 34 xəbərdarlıqla kifayətlənib. O, meydan sahiblərinə 16, qonaqlara 18 vərəqə göstərib.

 

Paşayevin baş hakimi olduğu matçlarda 1 heç-heçə qeydə alınıb. Meydan sahibləri 3 dəfə qalib gəlib, 4 dəfə uduzub.

 

Referi idarə etdiyi qarşılaşmaların yarısında “Qəbələ”ni görüb. “Qırmızı-qaralar” bu 4 matçdan 3-də qalib gəlib, 1 dəfə sülhlə barışıb. Səfərdə iki qələbə qazanan Roman Qriqorçukun yetirmələri xal itkisini “Zirə”ylə ev matçında yaşayıb.

 

Paşayev hər üç penaltini “Qəbələ”in matçlarında təyin edib. Bölgə klubunun lehinə 2, əleyhinə 1 qərar verən hakim “qırmızı-qaralar”a da, rəqiblərinə də 9 xəbərdarlıq edib.

 

“Keşlə” isə bu hakimin idarə etdiyi matçlarda xala həsrətdi. Bakılılar “Qəbələ”yə də, “Neftçi”yə də uduzub. Bu oyunlarda həm keşləlilər, həm də rəqibləri 4 sarı vərəqə ilə cəzalanıb.

0