Saşa Yunisoğlu: “Qrotslin”lə yeni müqavilə imzalamadım”
23.05.2008 - 15:38
Saşa Yunisoğlu: “Qrotslin”lə yeni müqavilə imzalamadım”
Artıq vətənə qayıdan 23 yaşlı futbolçu Polşanın “Qrotslin” klubunda keçirdiyi mövsümdən razı qalıb: “Legioner kimi keçirdiyim ilk mövsümdən razı qalmaya bilmərəm. Komanda ilə bürünc medal və Liqa kubokunu qazandıq. Üstəlik, debüt etdiyim klubda heç də az oyun keçirmədim. Çempionatda qarşılaşmaların 30, Liqa kubokunda isə 90 faizində meydana çıxdım. Fikrimcə, ilk mövsüm üçün bu göstəriciləri müsbət qiymətləndirmək olar. Ən əsası ehtiyatda qalmadım və meydana çıxdığım görüşlərin əksəriyyətində 90 dəqiqə mübarizə apardım”. Komandasının son bir ildə müxtəlif turnirlərdə keçirdiyi görüşlərin 19-da çıxış edən S.Yunisoğlunun fikrincə, bu rəqəmin daha böyük olmaması başadüşüləndir: “Komandanın aparıcı oyunçusuna çevrilə bilməməyim səbəbsiz deyil. Mən Polşaya gedəndə çempionat başlamışdı. Baş məşqçimiz özü üçün heyətlə bağlı planlar qurmuşdu. Belə vəziyyətdə meydana çıxmaq imkanı qazanmağımı da uğur sayıram. Sonradan zədə problemi ilə üzləşdim. İnanıram ki, gələn mövsüm daha yaxşı olacaq”.
S.Yunisoğlunun çıxış etdiyi “Qrotslin” klubu bir il əvvəl olduğu kimi, yenə UEFA kubokunda Azərbaycana gələ bilər. Lakin müdafiəçi vətənə rəqib qismində gəlməyin əleyhinədir: “İlk mərhələdə Azərbaycan klubu ilə qarşılaşa biləcəyimizdən xəbərim var. Ən çox istəmədiyim də budur. “Qrotslin”in Azərbaycan təmsilçisi ilə görüşməsi ürəyimcə deyil. Çünki biz mərhələ keçməliyik. Lakin mən ölkəmizin klubunu da növbəti mərhələdə görmək istəyirəm. Qarşılaşsaq, bu mümkün olmayacaq”. Hələ klubla bir illik anlaşması olan S.Yunisoğlunun sözlərinə görə, ona yeni müqavilə təklif olunub: “Qrotslin” rəhbərliyi komandada qalmağımı istəyir. Onlar daha iki illik müqavilə təklif ediblər. Lakin “Qrotslin”in müqaviləni uzatmaqla bağlı təklifini qəbul etməyə tələsmədim. İyunun 17-dək Bakıdayam. Menecerim olan atamla məsləhətləşib qərar verəcəyəm. Başqa təkliflər olsa da, ən azı müqaviləm bitənədək bu haqda danışmaq istəmirəm”.
0