“Qarabağ” klubu “Olimpik”lə oyunla bağlı bəyanat yayıb
26.05.2008 - 13:07
“Qarabağ” klubu “Olimpik”lə oyunla bağlı bəyanat yayıb
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Ağdamın “Qarabağ” klubu Azərbaycan Premyer Liqasının mayın 28-də keçiriləcək son turunda qarşılaşacaqları “Olimpik”lə görüş haqda bəyanat yayıb. “APA-Sport” agentliyinin məlumatına görə, ağdamlılar oyunların eyni vaxtda başlamamasından narahatdır. Bəyanatda “Qarabağ”ın ölkə çempionunun taleyi həll olunacaq “Olimpik”lə qarşılaşmanın tez başlamasının düzgün olmadığı əks olunub: “Son turda oyun vaxtlarının məlum olması “Qarabağ” klubunun haqq səsini ucaltmağa səbəb oldu. Komandamız yenə də rəqibindən asılı olmayaraq meydana qələbə əzmi və 3 xal üçün çıxacaq”. Dünya ölkələrində sonuncu, bəzən son bir neçə turun eyni vaxtda başladığı vurğulanan bəyanatda AFFA-ya təkliflər də yer alıb: “Ölkədə ən yaxşı ot örtüyünə malik olan Suraxanı qəsəbə stadionu son 3 oyunun eyni vaxtda keçirilməsinə imkan yaratmaq, sırf ədalətli idman prinsiplərinin tənzimlənməsinə nail olmaq, tərəflərin hüquq bərabərliyini təmin edilməsi və AFFA-nın da bu istəkdə olmasını nəzərə alıb AFFA-ya dəstək verməyə hazırdır. Üstəlik, “Nefçi” – ABN matçının baş tutmama ehtimalının olduğunu nəzərə alsaq, oyunların eyni vaxtda keçirilməsi üçün Tofiq Bəhramov stadionunun da imkanlardan istifadə etmək mümkündür”.
Qeyd edək ki, Azərbaycan Premyer Liqasının XXVI turunda keçiriləcək “Olimpik” – “Qarabağ” matçı saat 16:00, “İnter” – “Qəbələ” görüşü isə 20:00-da başlayacaq.
0