[b]“Azərbaycan yığmasını təsadüfən seçməmişik” - Stanimir Stoilov[/b]
18.04.2018 - 10:00
[b]“Azərbaycan yığmasını təsadüfən seçməmişik” - Stanimir Stoilov[/b]

“Yoldaşlıq görüşü keçirmək istəyimizi müsbət cavablandırdığı üçün AFFA-ya təşəkkür edirəm. Qazaxıstan Futbol Federasiyası (QFF) ən yaxın oyunumuzu öz meydanımızda keçirməyimiz üçün hər cür səy göstərdi”. Apasport.az saytının məlumatına görə, bunu Qazaxıstan yığmasının baş məşqçisi Stanimir Stoilov deyib.

 

O, QFF-nin rəsmi saytına müsahibəsində iyunun 5-də Azərbaycanla keçirəcəkləri yoldaşlıq görüşü barədə fikirlərini bildirib.

 

Stoilov yığmamızı Gürcüstana görə seçdiklərini söyləyib: “Öz stadionumuzda oynamaq istəyirik. Çünki UEFA Millətlər Liqasındakı ilk matçımız Qazaxıstanda olacaq. Azərbaycan yığmasını təsadüfən seçməmişik. Onlar Millətlər Liqasının ilk turundakı rəqibimiz Gürcüstana oxşar oyun nümayiş etdirirlər. Rəqib seçimini ağılla etmək lazımdı. Azərbaycanla matç bizim üçün yaxşı sınaq olacaq. Bu komanda son vaxtlar sürətlə inkişaf edir. Onlar kombinasiyalı və texnikalı futbol göstərirlər. Həmçinin təcrübəli baş məşqçiləri var. Bir faktı da qeyd edim ki, Azərbaycanda klub futbolu son illər bütün parametrlərdə yaxşılaşıb".

 

Stoilov əlavə edib ki, komandası iyunun 1-dən təlim-məşq toplanışına yığışacaq: “Vəzifə çox sadədi: oyun münasibətlərini yaxşılaşdırmaq. Son yoldaşlıq görüşlərindəki performansı ortaya qoymağa çalışacağıq. Başlanğıc pis deyildi, amma hər toplanışda bunu artırmaq vacibdi. Komanda böyük sıçrayış edə bilməz. Hədəfə doğru addım-addım gedəcəyik. İyunun 10-da daha bir yoxlama görüşü keçirə bilərdik. Lakin mənim istəyimlə bundan imtina etdik. Azərbaycanla oyundan sonra qazaxıstanlı futbolçuları gərgin təqvim gözləyir. Onlar 3 gündən bir çempionat və avrokubok matçlarına çıxacaqlar. Yayda oyunçuları 2,5-3 aylıq sıx qrafik gözləyir. Bu üzdən də onlara bir neçə günlük istirahət vermək qərarına gəlmişəm”.

 

Qeyd edək ki, Qazaxıstan – Azərbaycan oyunu “Astana Arena”da keçiriləcək.

0