[b]“Məni “öldürmək” üçün növbə gözləyirsiz” - Mourinyo[/b]
23.04.2018 - 18:14
[b]“Məni “öldürmək” üçün növbə gözləyirsiz” - Mourinyo[/b]

“Mançester Yunayted”in baş məşqçisi Joze Mourinyo ünvanına səsləndirilən tənqidlər barədə danışıb. Apasport.az saytının “Sky Sports”a istinadən məlumatına görə, portuqaliyalı çalışdırıcı hər məğlubiyyətdə insanların onu “öldürməyə” hazır olduqlarını deyib: “Qələbə qazana bilməyəndə, məni “öldürürsüz”. Demək olar ki, həmişə qalib gəlirəm, bu, baş verməyəndə isə hamınız məni “öldürmək” üçün növbə gözləyirsiz”.

 

Portuqaliyalı çalışdırıcı komandasının cari mövsümdə göstərdiyi nəticədən daha artığına layiq olduğunu düşünür: “Həmişə dediyim kimi, aktivimizdə indikindən 8-9 xal, bəlkə də, 10 xal çox olmalı idi. Mövsümü 88-90 xal aralığında bitirə bilərdik. “Vest Bromviç”ə doğma meydanda uduzmağımızı heç cür qəbul edə bilmirəm. “Haddersfild”lə, o cümlədən, “Nyukasl”la oyunlardakı nəticələr qəbuledilməzdi. Yəni daha yaxşı nəticələr əldə edə biləcəyimiz bir neçə matçda məğlub olduq” – deyə, Mourinyo əlavə edib.

 

Mourinyo “Mançester Siti”nin növbəti mövsüm də eyni tempdə davam etməsi halında, komandası üçün işlərin çətin ola biləcəyindən danışıb: “Gələn mövsüm nəticələrimizi yaxşılaşdıra bilərikmi? Cəhd etməliyik. Bəs “Mançester Siti” eyni səviyyəni qoruyub saxlayıb, hətta üzərinə çıxa bilərmi? Bunun cavabını ancaq onlar verə bilər. Ancaq indiki heyətlərini qoruyub saxlasalar və üzərinə investisiya cəlb edib, transferlər etsələr, təbii ki, o zaman bizim işimiz çətin olacaq”.

 

Qeyd edək ki, mayın 19-da keçiriləcək Federasiya Kubokunun finalında “Mançester Yunayted” və “Çelsi” klublar üz-üzə gələcəklər.

0