Bolqarıstan mətbuatı: “Neftçi” Março Dafçev üçün 750 min avro təklif edib
30.05.2008 - 12:13
Bolqarıstan mətbuatı: “Neftçi” Março Dafçev üçün 750 min avro təklif edib
“APA-Sport” agentliyinin məlumatına görə, bunu Bolqarıstanın “Standart”
qəzetinə açıqlamasında Bakının “Neftçi” klubunun yeni transferi Março Dafçev deyib.
Bolqarıstanlı yarımmüdafiəçi bir müddət əvvəl aralarında anlaşılmazlıq olan klub prezidentindən tam razı qaldığını söyləyib: “Qiqov sağ olsun ki, yeni komandamla danışıqları uzatmadı. O, bakılıların transferim üçün vermək istədiyi ilkin məbləğlə razılaşdı. “Neftçi” klubunda oynayacağımdan məmnunam. Azərbaycanda bolqarıstanlı futbolçular da var. Ən əsası, yeni mövsümdə biz çempionluq üçün oynayacağıq”.
Futbolçunun meneceri Saşa Vukoyeviç M.Dafçevin “Neftçi” ilə hələ müqavilə bağlamadığını bildirib. Onun sözlərinə görə, artıq 3 gündür Bakıda olan yarımmüdafiəçi yaxın zamanda anlaşmanı imzalayacaq. Buna səbəb müqavilənin bəzi detallarında hələlik ortaq məxrəcin əldə olunmamağıdır.
Qəzet onu da yazıb ki, hələ qışda M.Dafçev üçün “Neftçi” klubu 750 min avro təklif edib. Lakin “Lokomotiv” rəhbərliyi avrokuboklara vəsiqə qazanmaq üçün aparıcı oyunçusunu saxlamaq üçün bu məbləğdən imtina edib. Qəzetin yazdığına görə, bu dəfə Bakıya gələn M.Dafçev yeni klubunun verəcəyi yüksək əmək haqqı ilə yanaşı, xidməti avtomobil və mənzillə də təmin olunacaq.
“Neftçi”nin vitse-prezidenti Ramin Musayev isə “APA-Sport” agentliyinə açıqlamasında M.Defçevin transferi üçün “Lokomotiv” klubuna 750 min avro təklif edilmədiyini bildirib.
0