[b]"Neftçi”nin daşı ağırdı, bir balaca dirçələn kimi...[/b]
14.05.2018 - 12:21
[b]"Neftçi”nin daşı ağırdı, bir balaca dirçələn kimi...[/b]

Mən "Neftçi” azarkeşlərini yaxşı başa düşürəm. Daim onlara hörmətlə yanaşmağa, səslərini eşitməyə çalışmışam, layiq olduqları yüksək qiyməti də vermişəm.

 

"Neftçi”nin prezidenti Kamran Quliyev komanda qələbələri sıralayanda "uğurun sirri”ni açıqlayarkən sadaladığı beş amilin arasında sadiq fanatlara yer verməmişdi. Həmin vaxt buna ilk etiraz edən, Quliyevin səhvə yol verdiyini deyən mən idim. Amma gərək onlar da bir qədər diqqətli olsunlar, mətbuatda gedən yazılara anlayış göstərsinlər.

 

Şəxsən bizim saytın əməkdaşları arasında "Neftçi”yə düşmənçilik edən, onun uğurlarını istəməyən yoxdu. Azarkeş olmasaq da, fanatlıq etməsək də, "Neftçi”ni elə onlar qədər sevirik, uğurunu istəyirik. Çünki Azərbaycan futbolunun inkişafı üçün "Neftçi”nin də dirçəlməsini, sağlam əllərdə olmasını vacib hesab edirik. Bu gün belə deyil. Ona görə də narahatıq. Narahatçılığımızı tez-tez yazırıq, gördüyümüz nöqsanları qabardırırıq. İstəyirik ki, onları aradan qaldırsınlar.

 

"Neftçi”yə bu cür barmaqarası münasibət yolverilməzdi. "Neftçi” kimi kluba səhər yuxudan "Sumqayıt”ın prezidenti kimi oyanan, günortadan sonra iş yeri dəyişdirilən adam prezidentlik etməməlidi. Biz "Neftçi”nin prezidenti postunda ağır kişilər, hörmətli şəxslər görmüşük. Hamı da başa düşüb ki, ölkənin ən qocaman klubuna rəhbərlik edən insan necə şəxsiyyətdi, onunla şit zarafatlar etmək olmaz. Amma bu gün belə deyil. Çox təəssüf. Vəziyyət o qədər acınacaqlıdı ki, "Neftçi”yə prezidentlik edən şəxs sosial şəbəkədə özü öz yalanını çıxarır, legioner futbolçuyla şit zarafat edir. Həmin legioner də özündə cəsarət tapıb, ona biədəb yerini göstərə bilir.

 

Əvvəlki prezidentlərə, dağdan ağır kişilərə qarşı bu cür səhv etmək mümkün idimi? Yox! Adamı tutub...

 

"Xalq komandası”nın əsas problemi məhz budur, əziz azarkeşlər. Əvvəlcə bu düzəlməlidi. "Yuxarılar” bu "xalqın komandası”na onun layiq olduğu qiyməti verməlidilər, ona ciddi yanaşmalıdılar. Mövsümün qızğın çağıdı, amma "Neftçi”nin gələcəyi ilə min cür müəmma var. Klub prezidenti baş məşqçini göndərmək üçün bəhanə axtarır, hoqqa çıxarır. Məşqçi də buna dözür, susur. Susur ki, mümkün qədər çox işləsin, bəlkə son anda nəsə dəyişdi.

 

Quliyev təkcə Tərlan Əhmədovu göndərməyin planlarını cızmır. Heyəti büsbütün dəyişməyə, özlərinin gətirəcəyi yeni futbolçular üçün yer boşaltmağa çalışır. Ceyhun Sultanovun "lazımı kadrlar”la danışıqları yekunlaşdırdığı, Moskvaya həvəskarların turnirinə yollandığı da görünən dağdı, bələdçi istəmir. Onlar üçün "Neftçi”nin bu mövsümkü nəticələri də, qazanılması mümkün olan uğurlar da mənasızdı. Çünki ortada istənməyən şəxs olan baş məşqçi və onu "Neftçi”yə göndərən "kənar qüvvələr” var. Əvvəlcə "Neftçi”ni "təmizləmək”, tam özəlləşdirmək lazımdı. Qalan şeylər isə düzələndi.

 

Problemlər çoxdu, dostlar. Mətbuatın vicdanlı kəsimini də "xalq komandası”na qarşı bu cür davranış narahat edir. Susmaq, yaşananları sakitcə izləmək, "Neftçi”nin başına gətirilənlərə laqeyd yanaşmaq olmur. Yoxsa siz də deyirsiz ki, "Neftçi”nin daşı ağırdı, bir balaca dirçələn kimi, "düşmənlərin” başına düşür. Düşmən elə ocaq başındadı, bunu unutmayın!

sport7.az

0