Azərbaycan milli komandasının indiyədək Andorra ilə keçirdiyi oyunlar insidentlə nəticələnib
03.06.2008 - 12:35
Azərbaycan milli komandasının indiyədək Andorra ilə keçirdiyi oyunlar insidentlə nəticələnib
1998-ci ildə Estoniyanın paytaxtı Tallində keçirilən matçı idarə edən yerli hakim Oleq Timofeyev əsas heyətdə yer alan A.Kərimovu 86-cı dəqiqədə meydanda çıxarıb. Bu, futbolçunun yığmada aldığı ilk qırmızı vərəqə olub. Həmin matçın ikinci hissəsində meydana çıxan R.Abışov isə 65-ci dəqiqədə rəqib oyunçu ilə dalaşdığından, estoniyalı hakim hər iki futbolçunu meydandan qovub.
Andorra ilə 2000-ci ildə Maltanın paytaxtı La Valettada keçirilən görüşdə isə milli komandamızın kapitanı Tərlan Əhmədov 84-cü dəqiqədə qırmızı vərəqə ilə üzləşib. Onu yerli hakim – maltalı Laurens Sammit meydandan çıxarıb. Andorra yığmasının çalışdırıcısı David Rodriqo 8 il öncəki həmin matçda da komandanın sükanı arxasında olub. Milli komandamızın heyətində isə “İnter”lə az öncə çempionluq qazanan Mahmud Qurbanovla Xaqani Məmmədov andorralılara qarşı oynayıb. M.Qurbanov X.Məmmədovdan fərqli, hər iki oyunda əsas heyətdə meydana çıxıb və hətta sarı vərəqə də alıb.
Andorra - Azərbaycan görüşünü idarə edəcək portuqaliyalı Duarte Nuno Pereyra Qomesi futbolçuların intizamına tələbkar yanaşan hakim saymaq olar. 2002-ci ildən FİFA hakimi statusu daşıyan portuqaliyalı cari mövsümdə daxili yarışlarda idarə etdiyi 24 görüşdə 117 sarı, 3 qırmızı vərəqə göstərib. Bu da onun hər oyuna orta hesabla 5 vərəqə göstərməsi deməkdir.
0