Ağasəlim Mircavadov: “Mənə Hakan Şükür kimi futbolçu lazımdır”
11.06.2008 - 12:08
Ağasəlim Mircavadov: “Mənə Hakan Şükür kimi futbolçu lazımdır”
“Qalatasaray” klubu ilə vidalaşan Hakan Şükürün transferini müsbət qarşılayan A.Mircavadov bildirib ki, başçılıq etdiyi komandada onun kimi futbolçu yoxdur: “Belə bir futbolçunu kim istəməz? Hakan tanınan, səviyyəli, yaxşı fiziki göstəricilərə malik oyunçudur. Mənə də məhz belə futbolçu lazımdır. Təəssüf ki, bizdə beləsi yoxdur. Cinahlarımız qaydasında olsa da, hava ötürmələrini başla tamamlayan hücumçu sarıdan korluq çəkirik”. Futbolçunun yaş amilini ciddi problem saymayan A.Mircavadov H.Şükürün fiziki hazırlığının qaydasında olduğunu düşünür: “Onun həm “Qalatasaray”, həm də Türkiyə yığmasında çıxışı zamanı fiziki durumu qənaətbəxş olub. İnanmıram ki, Hakan Azərbaycana gəlib yarı güclə oynasın”.
Türkiyə mətbuatının yazdığına görə, H.Şükür “Xəzər-Lənkəran” klubunda bir il üçün 3 milyon avro qazanacaq. A.Mircavadov isə maliyyə məsələlərinə qarışmadığını söyləyib: “Bu, klub rəhbərliyinin işidir. Təbii ki, səviyyəli futbolçunun müqaviləsi cəlbedici olur. Hakanın ən bahalı, səviyyəcə üstün olması, komanda daxilində ab-havaya mənfi təsir göstərəcəyini düşünmürəm. Bir şeyi dəqiq deyə bilərəm ki, münasibət, tələblər hamı üçün eynidir. Hakanın transferi ilə bağlı fikrimi öyrənəndə, onun Azərbaycana uyğunlaşmasını və meydança amilini qabartmışam. Futbolçu harada çıxış etməsindən asılı olmayaraq, işinə peşəkarcasına yanaşmalıdır. Əsas problem meydançalarımızın vəziyyəti ilə bağlıdır. Yalnız Lənkərandakı stadionda qazonun yaxşı vəziyyətdə olması ilə iş bitmir. Əyalətlərdə pis meydançalarda necə çıxış etmək olar? Bu amil Hakanın oyununa öz mənfi təsirini göstərə bilər”.
0