Vəkil Melik Şahin: “Hakan Şükür Azərbaycandan cəlbedici təklif alsa da, “Xəzər-Lənkəran”la müqavilə bağlamayıb”
11.06.2008 - 12:18
Vəkil Melik Şahin: “Hakan Şükür Azərbaycandan cəlbedici təklif alsa da, “Xəzər-Lənkəran”la müqavilə bağlamayıb”
“Kral” ləqəbli futbolçunun transfer məsələləri ilə də məşğul olan M.Şahin “Xəzər-Lənkəran” rəhbərliyinin H.Şükürlə maraqlandığını təsdiqləyib. Vəkil hətta Lənkəran klubu rəsmilərinin hücumçu ilə görüşdüyünü söyləyib: “Hakan Şükürün Azərbaycandan cəlbedici təklif alması doğrudur. Azərbaycanlılar onunla danışıqlar masası arxasına oturublar. Ancaq Türkiyədə keçirilmiş görüşün nəticəsi haqqında danışmağa çətinlik çəkirəm”. M.Şahinin bildirdiyinə görə, “Qalatasaray”la müqaviləsinin müddəti başa çatmış H.Şükür başqa təklifləri də dəyərləndirir: “Bu gün Hakan Şükür danışıqlar aparmaq üçün ABŞ-a yollandı. Düzü, onun hansı klubdan təklif aldığını bilmirəm. Futbolçu bir həftədən sonra Türkiyəyə qayıdacaq”. Həmçinin M.Şahin H.Şükürün “Xəzər-Lənkəran”la bir illik müqaviləsi bağlaması haqda yayılan xəbərlərin yanlış olduğunu nəzərə çatdırıb.
Qeyd edək ki, Türkiyənin “Zaman” qəzeti H.Şükürün 3 milyon avro müqabilində “Xəzər-Lənkəran”a transfer olduğunu yazıb.
0