Anatoli Demyanenko: “Jerminal” haqda düşünmürəm”
27.06.2008 - 15:20
Anatoli Demyanenko: “Jerminal” haqda düşünmürəm”
Bunu “APA-Sport” agentliyinə açıqlamasında Azərbaycanı İntertoto kubokunda təmsil edən “Neftçi” klubunun baş məşqçisi Anatoli Demyanenko deyib. Sabah Slovakiyada “Nitra” klubu ilə görüşəcək ukraynalı çalışdırıcının komandası avrokuboklarda mərhələ adlamaqla, ilk əcnəbi mütəxəssis kimi Azərbaycan futbol tarixinə düşəcək. Ancaq A.Demyanenko bildirib ki, ölkəmizdə şəxsi rekordundan daha çox “Neftçi”nin uğuru haqda düşünür: “UEFA kubokuna çıxmaq vəzifəsini yerinə yetirməyə çalışırıq. Bunun üçün öncə “Nitra” səddini aşmalıyıq. Birinci oyunda qazandığımız qələbə arxayınçılığa əsas verməməlidir. Hər halda, ötən mövsüm daxili yarışlarda arxayınçılıq bizə baha başa gəldi. Öz meydanında olduğu kimi, səfərdə də uğurlu nəticə əldə etməliyik. Məhz cavab görüşündə mərhələ adlayan komandanın adı bəlli olur”. Psixoloji hazırlıq baxımından futbolçularla çox çalışdığını deyən A.Demyanenkonun heyətlə bağlı ciddi itkiləri var. Belə ki, ukraynalı çalışdırıcı “Nitra” ilə sabahkı görüşdə Zaur Tağızadə, Samir Əliyev və bolqarıstanlı yarımmüdafiəçilər Março Dafçevlə Svetoslav Stefanovun xidmətindən istifadə edə bilməyəcək: “Zədəlilərdən yalnız Dmitri Kruqlovun vəziyyəti qənaətbəxşdir. Hər halda, heyətlə bağlı itkilər, hücum xəttindəki problemlər bizi ruhdan salmır. İkinci mərhələyə çıxmaq şansımız yüksək olsa da, artıq indidən növbəti rəqib Belçikanın “Jerminal” klubu haqda düşünmürəm. Bu, pis əlamətdir”.
0