Valentin Xodukin: “Rabotniçki” Belçikanın hansısa 5-ci komandası yox, Makedoniya çempionudur”
16.07.2008 - 12:28
Valentin Xodukin: “Rabotniçki” Belçikanın hansısa 5-ci komandası yox, Makedoniya çempionudur”
Ukraynalı mütəxəssis iddia edib ki, ilkin mərhələdə qarşılaşdıqları rəqib heç də zəif olmayıb: “Rabotniçki” Belçikanın hansısa 5-ci komandası yox, Makedoniya çempionudur. Avrokuboklarda təcrübəsi böyükdür. Heyətində problemlər olsa da, meydanda sonacan döyüşüb lazım olan nəticəni əldə etdi”. V.Xodukin bildirib ki, cinah yarımmüdafiəçilərinin çıxışından razı qalmayıb: “Sol cinahda yer alan Elvin Məmmədov yalnız ikinci hissədə fəal oldu. Sağda oynayan Emin İmaməliyev daha çox təhlükə yarada bilərdi. Əslində, Emini əsas heyətdən kənarda qoyub, iki hücumçu ilə oynamağı planlaşdırırdım. Ancaq Xaqani Məmmədovun zədələnməsindən sonra heyətdə məcburi dəyişiklik etməli oldum. Hücumda tək qalan Valter Quqlemonu 2-3 müdafiəçi saxladığı üçün ona çətin idi. Üstəlik, rəqib qapıçı da yaxşı təsir bağışlayırdı”. V.Xodukin Kiyev “Dinamo”sundan transfer edilən 35 yaşlı yarımmüdafiəçi Valentin Belkeviçi meydana buraxmamağına belə izah verib: “O, vaxtı gələndə oynayacaq. Belkeviç hələ tam hazır, fiziki durumu istənilən səviyyədə deyil. Mənə bu dəqiqə futbolçunun adı, nüfuzu yox, oyunu daha vacibdir. Mahmudun yerinə daxil olan Şişkin topla yaxşı davranır, tez qərar qəbul edir. Qurbanovun yaxşı ötürmələri olsa da, meydanda fəal deyildi. Hücuma müdafiədən qoşulmaqla, oyunun tempini aşağı salırdı. Buna görə də Mahmudu əvəzləyib, Petar Zlatinovu irəli çəkdim. Yaxşı təsir bağışlayan bolqarıstanlı futbolçumuz əlinə düşən qol imkanlarını reallaşdırmaqla, görüşün taleyini təkbaşına həll edə bilərdi”. V.Xodukin şansların bərabər qaldığını söyləyib: “Hər halda, evdə qol buraxmamışıq. Cütün taleyini səfərdə həll etməliyik və buna nail olmaq üçün vuruşacağıq. Cavab görüşündəki nəticə heyətimizdən çox asılı olacaq. Zədə probleminə ehtiyatla yanaşıram. Xaqanidən fərqli, Roman Quello ilə Qoran Arnautun Skopyedə də meydana çıxmayacağı indidən bəllidir”.


0