“Rabotniçki” klubunun futbolçusu: “Deyirdilər ki, komandada qocalar və şikəstlər, yararsız oyunçular qalıb”
16.07.2008 - 13:35
“Rabotniçki” klubunun futbolçusu: “Deyirdilər ki, komandada qocalar və şikəstlər, yararsız oyunçular qalıb”
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. “Bizi çoxları hesabdan silmişdi. Deyirdilər ki, komandada qocalar və şikəstlər, bir sözlə, yararsız oyunçular qalıb”. “APA-Sport” agentliyinin məlumatına görə, bu sözləri Makedoniyanın “Rabotniçki” klubunun futbolçusu Baje İliyoski deyib. Çempionlar Liqasının birinci təsnifat mərhələsində “İnter”lə Bakıdakı heç-heçə makedoniyalını sevindirib: “Bədbin olanların cavabını “İnter”lə oyundakı nəticə ilə verdik. Hazırlıq üçün az vaxtımızın olmasına baxmayaraq, rəqibin daha oturuşmuş heyətinə qarşı mübarizə apardıqsa, deməli, “Rabotniçki” yararsız futbolçulardan qurulmayıb”.
B.İliyoskinin komanda yoldaşı Dimitriya Lazarevski isə heç-heçəyə də təəssüflənib: “Yalnız bir şeyə təəssüflənirəm. Daha yaxşı hazırlıq keçmiş olsaydıq, qələbə qazanmaq üçün oynaya bilərdik. Bu vəziyyətdə isə yalnız fədakarlıq hesabına nəticə qazandıq”. “Rabotniçki” təcrübəli futbolçusu Aleksandar Krstevski nəticədən razı qalsa da, öz oyunlarını bəyənməyib: “Səviyyəli oyun göstərmədiyimizi çox yaxşı başa düşürəm. Buna baxmayaraq, əsas vəzifənin öhdəsindən gəldik. Bakıdakı qarşılaşmada məğlub olmamalıydıq ki, buna da nail olduq. Bunun üçün tam konsentrasiya olunmuşduq”.
0