Şəhriyar Məmmədyarov XX kateqoriyalı beynəlxalq turnirdə yenə xal itkisi ilə üzləşib
20.08.2008 - 11:24
Şəhriyar Məmmədyarov XX kateqoriyalı beynəlxalq turnirdə yenə xal itkisi ilə üzləşib
Bakı. Kənan Həsənov - APA-Sport. Rusiyanın paytaxtı Moskvada Mixail Talın xatirəsinə həsr olunan XX kateqoriyalı beynəlxalq şahmat turnirində II tura yekun vurulub. “APA-Sport” agentliyinin məlumatına görə, yarışdakı yeganə Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov hesabat turunda da xal itkisi ilə üzləşib. Reytinqdə 4-cü olan 23 yaşlı qrossmeysterimiz ağ fiqurlarla Aleksandr Morozeviçin (Rusiya) müqavimətini qıra bilməyib. Nəticədə tərəflər 31-ci gedişdə heç-heçəyə razılaşıblar. Vladimir Kramnik (Rusiya) - Peter Leko (Macarıstan), Yevgeni Alekseyev (Rusiya) - Ruslan Ponomaryov (Ukrayna), Boris Qelfand (İsrail) - Vasili İvançuk (Ukrayna) görüşündə də qalib müəyyənləşməyib. Yalnız bir oyunda Qata Kamski (ABŞ) Aleksey Şirovu (İspaniya) məğlub edib. İki oyundan sonra V.İvançuk, V.Kramnik və A.Morozeviç hərəyə 1,5 xal toplayıblar. Ş.Məmmədyarov liderlərdən 0,5 xal geri qalır. Bu gün III turun oyunları keçiriləcək: A.Morozeviç - V.Kramnik, P.Leko - A.Şirov, R.Ponomaryov - Ş.Məmmədyarov, V.İvançuk - Y.Alekseyev, Q.Kamski - B.Qelfand.
Qeyd edək ki, dairəvi sistemlə keçirilən yarış avqustun 27-də başa çatacaq. 29-30 avqustda isə 18 şahmatçının iştirakı ilə blits-turnir təşkil olunacaq.
0