Fabio Luis Ramim Finlandiyaya qarşı oynamayacaq
06.10.2008 - 12:54
Fabio Luis Ramim Finlandiyaya qarşı oynamayacaq
Bakı. Mehman Süleymanov - APA-Sport. Futbol üzrə Azərbaycan milli komandası 2010-cu il dünya çempionatının seçmə qrup mərhələsi çərçivəsində Finlandiya yığması ilə oyun öncəsi ciddi itki ilə üzləşib. “APA-Sport”un məlumatına görə, “Bakı”nın üzvü Fabio Luis Ramim yığmamıza oktyabrın 11-də Helsinkidə keçiriləcək matçda kömək edə bilməyəcək.

Azərbaycan Premyer Liqasının son turunda qol vuran 26 yaşlı braziliyalı yarımmüdafiəçinin səhhəti ilə bağlı problemi var. Hələ milli komandamızın sentyabrın 6- səfərdə Uelsə qarşı keçirdiyi görüşdə diz nahiyəsindən zədələnən Ramim bu gün Türkiyəyə yollanıb. İstanbulda cərrahiyyə əməliyyatı olunacaq braziliyalı bu səbəbdən yığmamızın baş məşqçisi Berti Foqstun sərəncamında olmayacaq.

Üstəlik, Fabio Finlandiya ilə oyundan 4 gün sonra Bəhreyn yığması ilə səfərdə baş tutacaq yoldaşlıq görüşündə də iştirak etməyəcək. Bundan başqa, “İnter”in ukraynalı müdafiəçisi Vladimir Levin də cərrahiyyə əməliyyatına məruz qaldığından Foqtsun siyahısından çıxarılıb. Elmar Baxşıyev isə cəza ucbatından qarşıdakı görüşü buraxacaq. Almaniyalı mütəxəssis milli komandanın heyətini bu gün açıqlayacaq.

Qeyd edək ki, Uelslə matçda qırmızı vərəqə alan Fabio cəzalı olduğundan Lixtenşteynlə Bakıdakı oyunda forma geyinməmişdi. UEFA tərəfindən Ramimə verilən bir oyunluq cəzanın müddəti başa çatsa da, futbolçu bu dəfə zədə üzündən yığmadan kənarda qalacaq.


0