Helsinkidə dördüncü döyüş
10.10.2008 - 11:13
Helsinkidə dördüncü döyüş
Bakı. Mehman Süleymanov - APA-Sport. Azərbaycan milli komandası 2010-cu il dünya çempionatının seçmə mərhələsində sabah üçüncü rəsmi oyununa çıxacaq. “APA-Sport”un məlumatına görə, ilk iki görüşdən bir xalla ayrılan yığmamız Helsinkinin “Olimpiya” stadionunda Finlandiyanın qonağı olacaq.

Skandinaviyalıların da hesabında bir xal olsa da, rəqib bizdən fərqli cəmisi bir oyun keçirib. Həmin matçda Almaniyanı qəbul edən Finlandiya yığması heç-heçə (3:3) nəticələn görüşdə hər dəfə hesabda irəli olması ilə diqqət çəkib. Bu, millimizin finlərlə səfər meydanında dördüncü görüşü olacaq. Əvvəlki oyunların hər üçündə uduzmağımız (iki dəfə 0:3, bir dəfə 1:2) Helsinkiyə səfərlərin bizim üçün uğursuz olduğunu göstərir.

Maraqlıdır ki, hər üç halda oyunda üç qol qeydə alınıb və bu matçları lüksemburqlu FİFA hakimi Alan Hamer idarə edib. Ancaq UEFA bu dəfəki matçda fit çalmağı ixtisasca bankir olan hakimə yox, şotlandiyalı idman müəlliminə tapşırdı. 29 yaşlı Uilyam Kolluma həmyerliləri Kit Sorbi, Corc Drummond və Robertson Brayns kömək edəcək. Şotland hakimlərin idarəçiliyinə UEFA-nın belçikalı hakim-inspektoru Mişel Piro qiymət verəcək. Helsinkidə matça isveçrəli Mişel Pralonq UEFA nümayəndəsi təyin edilib.

Finlandiya ilə oyun milli komandamızın tarixində 146-cı görüş olacaq. Arxada qalan 145 matçda 24 qələbə qazanan Azərbaycan 36 heç-heçə edib, 85 dəfə uduzub. Topların fərqi 261-93 rəqiblərin xeyrinədir. Yığmamız sonuncu qələbəsini il yarım əvvəl məhz Finlandiya üzərində qazanıb. Şahin Diniyevin rəhbərlik etdiyi milli komanda 2007-ci ilin martın 28-də Tofiq Bəhramov Respublika stadionundakı oyunun sonunda Emin İmaməliyevin vurduğu yeganə qol sayəsində 1:0 hesabı ilə qələbəni bayram edib. İmaməliyevi yığmaya cəlb etməyən baş məşqçi Berti Foqtsun heyətlə bağlı problemləri var.

Vladimir Levinlə Fabio Luis Ramimi zədə, Elmar Baxşıyevi cəza üzündən itirən alman mütəxəssisin Rail Məlikovla bağlı da qayğısı var. Dizindən xəsarət alan “Neftçi”nin müdafiəçisinin sabah meydana çıxacağı sual altındadır. Rail Helsinkidəki ötən ilki oyunu pasport probleminə görə buraxmalı olub. Onu Usim Nduka, yaxud Mahir Şükürov əzələyə bilər. Foqtsun debütantlardan Araz Abdullayevdən fərqli, Emin Cəfərquliyevə əsas heyətdə şans veriləcəyi real görünür. Son vaxtlar “Neftçi”nin əsas heyət oyunçusuna çevrilən Eminə müdafiənin sol cinahı tapşırılacaq. Elmarı dayaq yarımmüdafiəçisi mövqeyində Aleksandr Çertoqanovun əvəzləyəcəyi gözlənilir. Lixtenşteynlə oyunda olduğu kimi, Fabionun yoxluğunda oyun qurucusu funksiyasını Mahmud Qurbanov icra edəcək. Millimizdə 76 oyun keçirən 35 yaşlı Mahmud yeganə qolunu ötən il səfərdə finlərə vurub.

Sabah Bakı vaxtı ilə 19:00-da başlayacaq oyunu “Lider” TV ilə yanaşı, Rusiyanın “RTR-Sport” kanalı canlı yayımlayacaq.


0