Lənkəranda “Top festival”ı keçiriləcək
04.11.2008 - 11:02
Lənkəranda “Top festival”ı keçiriləcək
Bakı. Aqşin Əliyev - APA-Sport. Dövlət başçısı İlham Əliyev tərəfindən imzalanmış “2005-2015-ci illərdə Azərbaycan Respublikasında futbolun inkişafına dair Dövlət Proqramı”nın müddəalarına uyğun olaraq, AFFA rəhbərliyi daha bir tədbir gerçəkləşdirəcək. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən “APA-Sport”a verilən məlumata görə, uşaq futboluna diqqətin artırılması, istedadlı yeniyetmələrin üzə çıxarılması məqsədilə Lənkəranda “Top festival”ı keçiriləcək.

Assosiasiyanın “HYUNDAİ AUTO AZERBAİJAN”la birgə layihəsi noyabrın 14-də Lənkərandakı Heydər Əliyev adına parkda baş tutacaq. Saat 11:00-da start götürəcək festivalda top çiləmək üzrə yarışda 14 yaşadək uşaqlar iştirak edə bilərlər. Qaliblərə qiymətli hədiyyələr təqdim olunacaq.

Qeyd edək ki, “Top festivalı” ilk dəfə 2007-ci il dekabrın 16-da Bakıda keçirilib. Növbəti dəfə festival bu il aprelin 12-də Gəncədə təşkil olunub.


0