Nizami Paşayev İrandan dəvət alıb
06.11.2008 - 13:45
Nizami Paşayev İrandan dəvət alıb
Bakı. Aqşin Əliyev - APA-Sport. Azərbaycanın ən titullu ağırlıqqaldıranı Nizami Paşayev İranda keçiriləcək Mahmud Namcunun xatirə turnirinə dəvət alıb. Bu haqda “APA-Sport”a milli komandanın baş məşqçisi Vahid Nəzərov məlumat verib. Onun sözlərinə görə, ənənəvi yarışın mükafat fondu 25 min ABŞ dollarına bərabərdir.

“Adətən, bizi turnirə komanda şəklində çağırırdılar. Bu dəfə isə mənimlə Nizami Paşayevin adına xüsusi dəvət göndərilib” - deyə Nəzərov vurğulayıb. Yarış gələn ilin martında baş tutacaq.

Paşayev bu ilin fevralında təşkil olunmuş turniri kənardan izləmişdi. Çünki həmin vaxt ikiqat dünya çempionumuzun diskvalifikasiya müddəti sona çatmamışdı.

Həmin turnirdə Azərbaycan yığması komanda hesabında ikinci yeri tutmuşdu. Atletlərimizdən Zülfüqar Süleymanovla (62 kq) İntiqam Zairov (85 kq) qızıl, Əfqan Bayramov (69 kq) gümüş, Namiq Cəmilov (77 kq) isə bürünc medal qazanmışdı.


0