Cem Fələk sabah Azərbaycanda olacaq
22.11.2008 - 13:21
Cem Fələk sabah Azərbaycanda olacaq
Azərbaycan yığmasına dəvət olunan 13 yaşlı futbolçu Cem Fələk sabah Bakıya gəlir. Bu haqda apasport.az saytına Almaniyada yaşayan futbolçunun atası Vural Fələk məlumat verib. Bakıda olduğu müddətdə bir neçə görüş keçirəcək Vural Fələk bildirib ki, AFFA rəhbərliyinin qəbulunda olacaq: “Ölkənizə səfərin əsas məqsəd oğlumun gələcək taleyi ilə bağlıdır. Bu mənada Cemin yığmanızda çıxış etməsi öndə duran vəzifədir. Azərbaycanın aşağı yaş qruplarından ibarət yığmalarına əsas cavabdeh şəxs olan alman mütəxəssis Bernard Lippertin səfərdən qayıtması haqda məlumatımız var. Biz də ölkənizə gəlişi buna uyğun planlaşdırdıq. Oktyabrın 26-da AFFA-da baş katib Elxan Məmmədov və Lippertlə birgə görüşümüz olacaq. Cemin yığmada oynamasını rəsmiləşdirmək üçün müqavilə bağlamağa gəlirik. Oğlumun Azərbaycanda çıxış etmək variantı ortaya çıxandan sonra Almaniya və Türkiyədə maraq artıb. Seçimin səbəbini soruşurlar. Amma artıq qərarımızı vermişik və bunu dəyişən insanlar deyilik”.

V.Fələk deyib ki, “Palmalı” Şirkətlər Qrupuna da baş çəkməyi planlaşdırıblar. Onun sözlərinə görə, bu qurumun rəhbəri Mübariz Mənsimov Cemə sponsorluq etmək fikrindədir: “Oğluma menecerliklə bağlı işlərdə bu şəxsin əsas söz sahibi olmasını istəyirik. Türkiyədə olduğumuz zaman Mübariz Mənsimovla görüşmək imkanımız olmasa da, “Palmalı” Şirkətlər Qrupunun Bakıdakı ofisinə baş çəkəcəyik. Mübariz bəyin qardaşı Mais Mənsimovla görüşümüz olacaq. Bundan əlavə, Azərbaycan televiziyalarının da qonağı olacağıq. Cemlə bağlı yeni görüntüləri seyrçilərinizin ixtiyarına buraxacağıq”.

Qeyd edək ki, Cem “Ayntraxt”ın 13 yaşlılardan ibarət komandasının futbolçusudur.
0