Vahid Nəzərov: Qızıl medalı əlimizdən aldılar
30.11.2008 - 16:13
Vahid Nəzərov: Qızıl medalı əlimizdən aldılar
“Rövşən Fətullayevin dünya çempionu olmaq şanşı böyük idi. Ancaq hakimlər bizi sıxdıqlarından o, ikinci yeri tutdu. Necə deyərlər, hakimlər qızıl medalı əlimizdən aldılar”. Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycanın ağır atletika üzrə milli komandasının baş məşqçisi Vahid Nəzərov deyib.

Onun bildirdiyinə görə, Yunanıstanın Komotini şəhərində tələbələr arasında keçirilmiş dünya çempionatında hakimlər qeyri-obyektiv qərarlar veriblər: “Rövşən təkanla qaldırma zamanı ikinci cəhddə 201 kq-ın öhdəsindən gəldi. Qayda pozulmasa da, hakimlər bunu nəzərə almadılar. Məcburiyyət qarşısında qaldığımızdan, üçüncü cəhddə də 201 kq-ı sifariş verdik. Bununla da, Rövşən yekunda çinli rəqibinə 4 kq uduzdu”.

Çempionatın nəticələrini yüksək qiymətləndirən baş məşqçi gələcəkdə daha böyük uğurlar qazanacaqlarına inandığı vurğulayıb: “Biz yarışa cəmi 3 atletlə yollanmışdıq. Tam heyətlə çıxış etsəydik, yəqin ki, komanda hesabında yalnız Çindən geri qalardıq”.

Qeyd edək ki, dünya çempionatında təmsilçilərimizdən Sərdar Həsənov (62 kq) və Rövşən Fətullayev (94 kq) gümüş medala sahib çıxıblar. Rolan Piriyev (+105 kq) isə 9-cu yerlə kifayətlənib.
0