Emin Quliyev: “Neftçi”yə baxanda adamın ürəyi ağrıyır
04.12.2008 - 15:58
Emin Quliyev: “Neftçi”yə baxanda adamın ürəyi ağrıyır
“İqor Ponomaryovun təyinatına müsbət yanaşıram. Onu komandamıza gətiriblərsə, deməli, belə məsləhət imiş”. Bunu apasport.az saytına açıqlamasında “Xəzər-Lənkəran” klubunun kapitanı Emin Quliyev deyib.

31 yaşlı müdafiəçi vaxtilə Ponomaryovun rəhbərliyi altında milli komandada oynayıb. Onun 8 il öncə əsas yığmada debütünə məhz Ponomaryov şərait yaradıb: “Milli komandada ilk çıxışım məhz onun rəhbərliyi altında olub. Onunla bir sıra xarici ölkələrə səfər etmişik. Aramızda nəsə narazılıq olmayıb. İnşallah, bundan sonra da problem olmaz. Son vaxtlar uğursuz çıxışımız istər-istəməz psixoloji duruma da öz təsirini göstərib. İnanıram ki, ikinci dövrədə Ponomaryovun rəhbərliyi altında uğurla çıxış etməklə, hər şey yoluna qoyulacaq”.

“Xəzər-Lənkəran”ın sabiq çalışdırıcısı Rasim Kara ilə problemlərinin olmadığını deyən kapitan komandanın uğurlu çıxışı üçün çalışdıqlarını söyləyib. Quliyev futbolçuların baş məşqçini istəmədiyi halda, qəsdən zəif oynamaları ilə bağlı deyilənləri əsassız sayır: “Peşəkar futbolçu heç vaxt belə şey etməz. Futbolçu əgər adını peşəkar qoyubsa, meydana çıxıb, komandasının uğuru üçün canını qoymalıdır. Komandanın çıxışına məşqçinin də təsiri var. Ola bilsin ki, taktika, əvəzetmə ilə bağlı səhvlər olur və bu da sonda nəticəyə təsir göstərir”.

Emin yerli və əcnəbi mütəxəssislə bağlı seçim qarşısında qalarsa, öz məşqçimizlə işləməyi daha məqsədəuyğun sayır: “Yerli mütəxəssisin rəhbərliyi altında çıxış etməyi üstünlük verərdim. Çünki öz məşqçilərimizə futbolumuzu bildikləri, oyunçuları tanıdıqları üçün işləmək rahat olur. Əcnəbilərlə isə bağlı vəziyyətlə fərqlidir. Futbolu, futbolçunu tanımamaq, uyğunlaşmaqla bağlı vaxt aparır. Əcnəbi məşqçinin heyətlə bağlı dəyişiklərinin mənfi təsiri özünü göstərir. “Neftçi”ni cari mövsümdə çıxışı buna bariz nümunədir. Bu komandanın hazırkı durumunu görəndə, adamın ürəyi ağrıyır”.

Qeyd edək ki, vaxtilə “Neftçi”nin kapitanı olan Emin bu komandanın heyətində iki çempionluq, bir ölkə kuboku qazanıb. Quliyev 2006-cı ilin yayında “Xəzər-Lənkəran”a “Neftçi”dən keçib.
0