Rəşad Sadıqov İspaniyaya baxışa gedir
04.12.2008 - 17:36
Rəşad Sadıqov İspaniyaya baxışa gedir
“Yaxın günlərdə “Valyadolid” klubuna baxışa yollanacağam. Bununla bağlı menecerim Kamil Məmmədovun çalışdığı şirkətə ispanlardan faks gəlib. Onlar baxışa gəlməyi təklif ediblər”. Bu fikirləri apasport.az saytına açıqlamasında Azərbaycan yığmasının kapitanı Rəşad Sadıqov deyib.

“Neftçi” klubundan kənarlaşdırılan 26 yaşlı müdafiəçi ölkə xaricində özünə komanda tapmaqda azərbaycanlı FİFA agenti Kamil Məmmədovla əməkdaşlıq edir. Rəşadın sözlərinə görə, İspaniya variantını əvvəl ciddi qəbul etməyib: “Valyadolid”ə yollanmaq variantında ilk olaraq inanmadım. Elə düşündüm ki, ciddi məsələ deyil. Ancaq gələn rəsmi məktub fikrimi dəyişdirdi. Düzü, əvvəl istəyirdim ki, yarım il orta səviyyəli komandada oynayıb, daha sonra iddiası böyük kluba keçim. İstəmirəm ki, hansısa ölkəyə turist kimi yollanıb, sonra da geri qayıdım. İndiyə qədər ölkə kənarından bir sıra klublardan baxışa gəlmək təklifini alsam da, bunu qəbul etməmişəm. Ancaq İspaniyaya gəlincə, zarafat deyil, söhbət Primerodan gedir. Belə şansı əldən buraxmaq düzgün çıxmazdı”.

Başqa ölkələrlə də danışıq apardıqlarını söyləyən Rəşad birbaşa müqaviləyə yollanmaq variantının gündəmdə olduğunu söyləyib. Sadıqovun bu halda İspaniya variantını arxa plana keçirməsi mümkündür: “İspanlar mənim oyunlarım olan disklərlə tanış olublar. Albaniya yığması ilə son yoldaşlıq görüşünü televiziya ilə izləyən “Valyadolid” rəqmiləri oyunumu bəyəniblər və bundan sonra dəvət göndəriblər. İspaniyaya yollanmaqla Azərbaycan futbolu haqda onların daha yaxından məlumatlı olmasına çalışacağam. Əvvəl İspaniyaya yollanmağa çəkinsəm də, sonradan mənə yaxın olanlar getməyimi təkid etdi. Mən də ölkəmizi layiqincə təmsil etməyə çalışacağam”.

Sadıqov “Valyadolid”dən “Neftçi”yə faks daxil olmamağı ilə məsələyə belə münasibət bildirib: “Neftçi” məni kənarlaşdırdığı üçün özümə yeni klub tapmalıyam. Dünya futbolunda da belədir ki, klubdan baxışa yollanmaqla dəvət ilk olaraq oyunçunun agentinə gəlir. Mən sadəcə, baxışa yollanıram. Əgər məni bəyənsələr və transfer gündəmə gəlsə, onda təbii ki, “Neftçi”yə də faks göndərəcəklər. “Valyadolid”in son üç oyunda uduzmamağı, top buraxmamağı haqda məlumatım var. Bu, komandanın gücündən, ora düşmək üçün rəqabətin böyük olmasından xəbər verir”.

Qeyd edək ki, Rəşad indiyə kimi ölkə kənarında İranda “Fulad”, Türkiyədə “Kayserispor” klubunda çıxış edib.
0