“Turan”ın vitse-prezidenti: Birinci dövrədə kifayət qədər təcrübə topladıq
06.12.2008 - 15:20
“Turan”ın vitse-prezidenti: Birinci dövrədə kifayət qədər təcrübə topladıq
“Fikrimcə, heyətimizdə olan gənc futbolçular birinci dövrədə kifayət qədər təcrübə topladılar. Bunun sayəsində ikinci dövrədə daha yaxşı çıxış edib güclülər dəstəsində yerimizi qoruyacağımıza inanıram”. Bunu apasport.az saytına açıqlamasında Tovuzun “Turan” klubunun vitse-prezidenti Oqtay Hümbətov deyib.

Təmsil olunduğu komandanın qış fasiləsində daha yaxşı hazırlıq keçəcəyini vurğulayan Hümbətov bildirib ki, Bakıda təlim-məşq toplanışı keçməyi planlaşdırıblar: “Birinci dövrəyə hazırlaşmamışdıq. Amma bu dəfə belə olmayacaq. İki ay vaxtımız var. Bakıda hazırlıq keçib 4-5 yoxlama görüşündə qüvvəmizi sınayacağıq”.

“Peşəkar Futbol Liqasına olan borclarınızı nə vaxt ödəyəcəksiniz” sualını isə klub rəsmisi belə cavablandırıb: “Hələlik bu borcu ödəmək gücündə deyilik. Amma maliyyə problemimiz düzələn kimi, bu borcu qaytaracağıq. Konkret ad çəkmək istəmirəm. Ola bilsin ki, yaxın zamanlarda yeni sponsora qovuşduq. Bununla belə, bu vəziyyətimizdə istənilən şəxs gəlib komandamıza sponsorluq edə bilər”.

Hümbətov, həmçinin bildirib ki, digər klublar onların 10-dək futbolçusunu transfer etmək istəyir: “Amma həmin futbolçular “Turan”dan getmək istəmirlər. Onlar burada qalıb komandanın güclülər dəstəsində qalmasına çalışırlar”.
0