Berti Foqtsla Karlos Alberto Torres Britaniya mətbuatında
10.12.2008 - 13:52
Berti Foqtsla Karlos Alberto Torres Britaniya mətbuatında
Böyük Britaniya mətbuatında ən yaxşı futbolçu geyimləri ilə bağlı məqalə dərc edilib. Apasport.az saytının məlumatına görə, yazıda Azərbaycan milli komandasının keçmiş və hazırkı baş məşqçiləri - Karlos Alberto Torres və Berti Foqts xatırlanıb.

Məqalədə qeyd olunur ki, 1970-ci ildə keçirilən dünya çempionatının qalibi Braziliya yığmasının forması çox cəlbedici nəzərə çarpıb: “Dünyanın ən yaxşı futbolçularının ən yaxşı geyimləri: sadə, tanınan və dəbli. Braziliyalıların yaşıl zolaqlı sarı köynəkləri əməlli-başlı bərq vururdu. Köynəklərin üstündəki “Brasil” sözü isə geyimi daha diqqətçəkən etmişdi”.

Həmin çempionatda Braziliya komandasının kapitanı olan Karlos Alberto Torres finalda İtaliyanın qapısına vurulan qələbə topunun müəllifi kimi də tarixə düşüb. Məqalədə mükafatlandırma mərasimindən çəkilən şəkil də verilib. Torres 2004-06-cı illərdə yığmamızda baş məşqçi vəzifəsini yerinə yetirib.

Berti Foqtsun adı isə yazıda tam fərqli mənada işlədilib. Bildirilir ki, 1991-93-cü illərdə dəbə düşən yeni geyim forması xüsusilə şotlandiyalılar tərəfindən bəyənilib: “Həmin dövrdə əksər yeniyetmələr Stoun Rouz/Ceyms rok qrupunun üzvləri kimi geyinirdilər. Lakin yeni dəb, yeni rənglər əsl partlayış yaratdı. Bu, şotlandiyalılar arasında hətta Berti Foqstun təyinatı zamanı yaranan ajiotajdan daha böyük səs-küyə səbəb oldu”.
0