Qulağı dişlənən boksçu 500 min avro qazandı - FOTO
21.12.2008 - 15:09
Qulağı dişlənən boksçu 500 min avro qazandı - FOTO
İsveçrənin Sürix şəhərində WBA versiyası üzrə ağır çəkili boksçular Nikolay Valuyev (Rusiya) və Evander Holifild (ABŞ) arasında dünya çempionu titulu uğrunda görüş keçirilib. Apasport.az saytının məlumatına görə, 12 raund ərzində qalibi müəyyənləşdirmək müşkül məsələyə çevrilib.

Belə ki, iki hakim Valuyevə üstünlük verdiyi halda (116:112, 115:114), ədalət təmsilçilərindən biri hər boksçunun 114 zərbəsini qeydə alıb. Nəticədə döyüşdən sonra hakimlər məsləhətləşərək, yekun qərar veriblər. Onlar 2 metr 13 santimetr boya malik Valuyevi qalib elan ediblər. Beləliklə, “rusiyalı nəhəng” dünya çempionu titulunu qoruyub. 46 yaşlı Holifild isə boks tarixinə ən yaşlı çempion kimi düşmək şansını itirib.

Məğlubiyyətə baxmayaraq, Holifild yarım milyon avro qazanıb. Valuyevə isə bundan iki dəfə çox mükafat verilib. Maraqlıdır ki, Nikolayın məşqçisi heç də öz yetirməsinin tərəfini saxlamayıb: “Valuyev döyüşün əvvəlində yaxşı təsir bağışlayırdı. Sona yaxın isə rinqdə sadəcə, rəqs edirdi. Hakimlər görüşü heç-heçə bitirə bilərdilər”.

Qeyd edək ki, Holifild “qulağı dişlənən boksçu” kimi tanınır. Ona bu ləqəb 1997-ci il iyunun 28-də Mayk Taysonla döyüşdən sonra verilib. Həmin görüşdə Tayson tərəfindən iki dəfə qulağı dişlənən Holifild 3-cü raundda vaxtından əvvəl qələbə qazanmışdı.
0