Azərbaycan güləşçisini məğlub edən rusiyalı 1 milyon manat qazanıb
07.01.2009 - 13:14
Azərbaycan güləşçisini məğlub edən rusiyalı 1 milyon manat qazanıb
Pekin Yay Olimpiya Oyunlarında qızıl medal qazanmış İslambəy Albiyev Rusiya yığmasının heyətində ən çox pul mükafatına layiq görülən idmançı olub. Apasport.az saytının məlumatına görə, 20 yaşlı güləşçi ümumilikdə 36,2 milyon rubl (təxminən 1 milyon manat) əldə edib.

Əslən çeçenistanlı olan İslambəy Azərbaycanın güləş həvəskarlarına da yaxşı tanışdır. Belə ki, yunan-Roma üsulu ilə güləşən Albiyev (60 kq) olimpiadanın finalında məhz həmyerlimiz Vitali Rəhimova qalib gəlib. Qələbədən dərhal sonra Çeçenistan prezidenti Ramzan Kadırov İslambəyi belə tərifləmişdi: “Bu gün bu oğlan Çeçenistanın nüfuzu üçün 1000 siyasətçidən çox iş gördü”.

Albiyev qızıl medal müqabilində Rusiyada müxtəlif hədiyyələr qazanıb. Gənc pəhləvan Rusiya hökumətindən 100 min avro, Rusiya Güləş Federasiyasından 500 min dollar, Ramzan Kadırov Fondundan 500 min dollar, Rusiya Olimpiyaçılarına Dəstək Fondundan BMW Х5 (dəyəri 2,4-3,1 milyon rubl), şərəfini qoruduğu MOİK-in sponsoru ONEKSİM qrupundan 3 milyon rubl, Moskva şəhər rəhbərliyindən 60 min avro, həmçinin Qroznıda 4 otaqlı mənzilə yiyələnib.

Bu göstəriciyə əsasən, İslambəy Rusiya olimpiya yığmasının digər üzvlərini xeyli arxada qoyub. Qazanc baxımından onun ən yaxın izləyicisi sərbəst güləş üzrə olimpiya çempionu Buvaysar Saytiyevdir (32,8 milyon rubl). İlk “üçlüy”ü isə 23,7 milyon rubla sahib çıxmış Aslanbəy Xuştov qapayır. Aslanbəy də Çində yunan-Roma güləşi növündə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
0