Foqts yenə Rahid Əmirquliyevə ehtiyac duydu
08.01.2009 - 12:28
Foqts yenə Rahid Əmirquliyevə ehtiyac duydu
“Xəzər-Lənkəran” klubunun yarımmüdafiəçisi Rahid Əmirquliyev yenidən Azərbaycan milli komandasına dəvət alıb. Apasport.az saytının məlumatına görə, yığmamızın almaniyalı baş məşqçisi Berti Foqts 20 yaşlı yarımmüdafiəçini yanvarın 27-dən fevralın 12-dək Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçiriləcək təlim-məşq toplanışında sərəncamında görmək istəyib.

Rahid həmin vaxt keçirilməsi nəzərdə tutulan beynəlxalq yoldaşlıq görüşlərində də sınanılacaq. Foqts Əmirquliyevi 2008-ci ilin noyabrında Bakıda Albaniya yığmasına yoldaşlıq görüşünün hazırlıq prosesinə çağırsa da, oyuna az qalmış heyətdən kənarlaşdırmışdı.

Gənc futbolçu digər almaniyalı mütəxəssis Bernard Lippertin rəhbərliyi altında bir neçə gündür Türkiyənin Antalya şəhərində 21 yaşlılardan ibarət yığmanın heyətində hazırlıq prosesində iştirak edir. Yanvarın 12-də Antalyada məskunlaşan “Xəzər-Lənkəran”ın düşərgəsinə yollanacaq futbolçu bundan iki həftə sonra Bakıya qayıdıb, əsas yığmanın hazırlığına qoşulacaq.

Qeyd edək ki, Əmirquliyevlə yanaşı, “Xəzər-Lənkəran”ın qapıçısı Kamran Ağayev də milli komandanın qarşıdakı təlim-məşq toplanışına dəvət alıb.
0