Rəcəb Tayyip Ərdoğan 1000 lirəyə futbol oynayırmış... FOTO
15.01.2009 - 17:33
Rəcəb Tayyip Ərdoğan 1000 lirəyə futbol oynayırmış...  FOTO
…Belə bir məşhur deyim var: siyasət futbola lazım deyil, futbol siyasətə lazımdır. Dünya futbol tarixini araşdıran zaman bu məsəlin özünü tam doğrultduğu görünür. Həqiqətən də futbolun siyasətə yardım etdiyi məqamlarla bağlı xeyli faktlar sadalamaq olar. Apasport.az saytı bunlardan bəlkə də ən maraqlısı sayılan, qonşu Türkiyəyə aid faktı təqdim edir.

Haqqında bəhs edəcəyimiz şəxs Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğandır. Onun siyasətə gedən yolu məhz futboldan keçib. 1954-cü ildə Kasımpaşa şəhərində doğulan Ərdoğan uşaq yaşlarından “idmanın şahı”na vurulub. Onun ilk peşəkar klubu isə “Camialtı” olub. 15 yaşında bu komanda ilə müqavilə bağlayan Ərdoğanın transfer qiyməti 1000 türk lirəsi (!) olub.

Daha sonra o, İstanbul Elektrik Tramvay və Tünel (İETT) klubuna keçib. 1976-cı ildə İETT-in heyətində ən böyük uğurunu – Türkiyə çempionluğunu qazanıb. Bir müddət “Erokspor” klubunun da şərəfini qoruyub və 16 illik futbol karyerasını 1980-ci ildə başa vurub.

Ərdoğanın futbolla erkən vidalaşmasına siyasət səbəb olub. O, ya futboldan bezdiyinə, ya da siyasi ehtirasına görə belə qərara gəlib. Hər halda, bu addımın dəqiq səbəbi bilinmir. Lakin fakt budur ki, Ərdoğanın siyasi karyerası qalmaqallar və keşməkeşlərlə dolu olub. Hətta 1999-cu ildə onu Türkiyə Cinayət Məcəlləsinin 312/2 maddəsinə əsasən (“Xalqı din və irqi ayrı-seçkiliklə kin və düşmənçiliyə təhrik etmək”) suçlayaraq, həbs ediblər.

Dörd ay dəmir barmaqlılar arxasında yatan Ərdoğan siyasi mübarizəni davam etdirib və 2003-cü ildə ölkənin baş naziri olub. İki qız və iki oğul atası olan baş naziri indi də futbola böyük maraq göstərir. O, tez-tez stadionlara baş çəkir, Türkiyə yığmasının və klubların oyununa baxır. Baş nazir “Fənərbaxça”nın azarkeşi kimi tanınır.
0