FİFA AFFA-dan nə istəyir?
16.01.2009 - 17:00
FİFA AFFA-dan nə istəyir?
Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FİFA) bütün milli federasiyalara məktub göndərib. Apasport.az saytının məlumatına görə, AFFA-ya da ünvanlanan rəsmi sənəddə 2018 və 2022-ci il dünya çempionlarının final mərhələsinin keçirilməsinə təşkilatçı olmaqla bağlı müraciətlərin qəbuluna başlanıldığı göstərilib. Bunda maraqlı olan assosiasiyalar fevralın 2-dək FİFA-ya bununla bağlı rəsmi müraciət etməlidirlər. 2010-cu ilin iyununda namizədlər sifariş vərəqələrində təşkilatçılıqla bağlı məsələləri xırdalığa qədər göstərməlidirlər. Həmin ilin dekabrında isə FİFA-nın İcraiyyə Komitəsi son seçimini edəcək.

DÇ-2010-nun Cənubi Afrika Respublikasında, DÇ-2014-ün Braziliyada keçiriləcəyini nəzərə alsaq, 2018-ci il dünya çempionatı bu qitələrdə keçirilə bilməz. 2022-ci il dünya çempionatının təşkilatçısı isə DÇ-2018-nin hansı qitədə baş tutacağından birbaşa asılı olacaq.

Qeyd edək ki, təşkilatçı ölkə 40 min azarkeş tutumuna malik olan 12 stadiona malik olmalıdır. Açılış və final oyunları isə 80 minlik stadionlarda keçirilməlidir.
0