“Bakı” - Hacıyevski, Hacıyevski - “Bakı”
17.01.2009 - 00:35
“Bakı” - Hacıyevski, Hacıyevski - “Bakı”
“Bakı” klubu baş məşqçi Qyoko Hacıyevski ilə müqavilənin müddətini uzadacaq. Bu haqda apasport.az saytına məlumat verən komandanın vitse-prezidenti Zeynal Məmmədovun sözlərinə görə, artıq bununla bağlı 54 yaşlı makedoniyalı mütəxəssislə razılıq əldə olunub.

Paytaxtın eyni adlı təmsilçisi Premyer Liqanın ikinci dövrəsinin startı ərəfəsində bu məsələni rəsmiləşdirmək fikrindədir: “Hacıyevski etimadımızı qazanıb. Onun məşqçilik savadına şübhəmiz yoxdur. Məşqçilik bacarığı, insani keyfiyyətləri, həm də anlaşmanın maliyyə tərəfi bizə sərf edir. Buna görə, komandamızın çalışdırıcısı ilə uzun müddətli müqavilə bağlamaq niyyətindəyik. İlkin razılığını almışıq. O, müqavilənin uzadılmasına etiraz etmir”.

Vitse-prezident müqavilənin müddətinin hələ konkret müəyyənləşmədiyini söyləyib: “Komanda hazırda Türkiyədə təlim-məşq toplanışındadır. Bakıya qayıdandan sonra məsələyə baxacağıq. Müqavilə ən azı üç illik olacaq. Anlaşmanın 3-5 il arasında olması gözlənilir”.

Qeyd edək ki, Hacıyevski 2007-ci ilin sentyabrında “Bakı”nın baş məşqçi postunda Böyükağa Hacıyevi əvəzləyib.
0