“İnter” klubunun və Valentin Xodukinin ilk qələbəsi - FOTOSESSİYA
19.01.2009 - 10:42
“İnter” klubunun və Valentin Xodukinin ilk qələbəsi - FOTOSESSİYA
Bakının “İnter” klubu debüt etdiyi “MDB və Baltikyanı ölkələrin çempionlarının Birlik kuboku” turnirində ilk qələbəsini qazanıb. Apasport.az saytının məlumatına görə, ukraynalı mütəxəssis Valentin Xodukinin çalışdırdığı komanda Finlandiya təmsilçisi “İnter”i üstələyib – 3:1. Bakılılar latviyalı Andrey Rubin (24-cü dəqiqə) və Xaqani Məmmədovun (32-ci dəqiqə) vurduğu qollarla fasiləyə 2:0 hesablı qələbəylə yollanıb. Turku təmsilçisi 48-ci dəqiqədə hesab arasındakı fərqi azaltsa da, uruqvaylı hücumçu Valter Quqlemon 75-ci dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirməklə, qələbəmizi rəsmiləşdirib.

Son Azərbaycan çempionunun qrupda keçirdiyi ilk oyunda Qırğızıstanın “Dordoy-Dinamo” klubu ilə qolsuz heç-heçə etdiyi nəzərə alsaq, Rubin turnirdə ilk qolun müəllifi kimi tarixə düşüb. Xodukin “İnter”in baş məşqçisi kimi beynəlxalq miqyasda ilk qələbəsini qazanıb. Belə ki, 70 yaşlı mütəxəssis ötən yay Çempionlar Liqasında keçirdiyi matçlarda ən yaxşı halda heç-heçəyə nail olmuşdu. Qrupumuzda keçirdiyi digər oyunda Latviyanın “Ventspils” klubu “Dordoy-Dinamo”nu 90+3-cü dəqiqədə Vitas Rimkusun vurduğu qolla çətin qələbə qazanıb.

Qeyd edək ki, çempionumuz qrupda son görüşünü sabah Bakı vaxtı ilə saat 14:00-da artıq ¼ finala vəsiqə qazanan “Ventspils”ə qarşı keçirəcək.
0