Kəmaləddin Heydərov: Ehtiyac yaranarsa, yığmaya əcnəbi məşqçilər dəvət edəcəyik
23.01.2009 - 18:34
Kəmaləddin Heydərov: Ehtiyac yaranarsa, yığmaya əcnəbi məşqçilər dəvət edəcəyik
“Boks Federasiyanın prezidenti kimi ilk addımım İcraiyyə Komitəsinin yeni üzvləri ilə birgə bu qurumun iş prinsiplərini öyrənmək və təhlil etməkdən ibarət olacaq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan Boks Federasiyasının (ABF) prezidenti, fövqəladə hallar naziri Kəmaləddin Heydərov deyib.

Bu gün ABF-in rəhbəri seçilən Heydərov jurnalistlərin suallarını cavablandırarkən, boks yığmamıza əcnəbi baş məşqçi gətiriləcəyi barədə yayılan xəbərlərə münasibət bildirib: “Azərbaycanın paytaxtında və rayonlarında güclü boksçular var. Ehtiyac yaranacağı təqdirdə, boks texnikasını daha mükəmməl öyrətmək üçün xaricdən məşqçilər dəvət edəcəyik. İnanıram ki, 2012-ci il London Olimpiadasına vəsiqə qazanacaq idmançılarımız öz üzərlərində işləyəcəklər və bu mötəbər yarışda ölkəmizi layiqincə təmsil edəcəklər”.

Kəmaləddin Heydərov Dünya Taekvondo Federasiyasının vitse-prezidenti və Azərbaycan Taekvondo Federasiyasının prezidenti kimi də fəaliyyətini davam etdirdiyini vurğulayıb: “Hər iki postda hələlik fəaliyyətim davam edir. Taekvondo Federasiyası bütün regionlarımızda bazasını qurub. Ölkəmizdə taekvondo inkişaf dövrünə qədəm qoyub. Son iki olimpiadada medal qazana bilməsək də, Azərbaycanda güclü taekvondoçular var. Dünyada bizim taekvondoçuları tanıyırlar və onlarla hesablaşırlar”.
0