Elnur Məmmədli Aygün Kazımovanın ad günündə
28.01.2009 - 14:08
Elnur Məmmədli Aygün Kazımovanın ad günündə
Azərbaycan cüdo yığmasının üzvü, Pekin Olimpiadasının qalibi Elnur Məmmədli növbəti dəfə şou-biznes nümayəndələri arasında görünüb. Apasport.az saytının məlumatına görə, 20 yaşlı idmançı dünən xalq artisti Aygün Kazımovanın ad günü mərasiminə qatılıb.

Şüvəlanda keçirilən tədbirdə canı-dildən iştirak edən Elnur Məmmədli hələ səhnəyə çıxaraq, 38 yaşını tamamlayan müğənniyə arzularını da çatdırıb: “Aygün xanıma hər zaman belə gözəl qalmağı arzulayıram. Ona yaradıcılıqda da uğurlar diləyirəm. Ad gününüz mübarək!”

Olimpiya çempionu çıxışını qurtarar-qurtarmaz aparıcılardan biri qonaqlara müraciət edərək, zarafatca “indi də Elnur son albomundan hit mahnılardan birini ifa edəcək” deyib. Cüdoçunun səmimi şəkildə şou-biznes əhli ilə görüşməsi də nəzərlərdən qaçmayıb. Buna baxmayaraq, Elnur Məmmədli idmanı şou-biznesə dəyişəcəyi barədə yayılan xəbərləri təkzib edib: “Mənim şou-bizneslə qəti əlaqəm yoxdur”.

Qeyd edək ki, ölkəmizdə idmançılar nadir hallarda estrada müğənnilərinin ad günlərində iştirak edirlər.
0