Türkiyə - Azərbaycan görüşü ən yeni və müasir stadionda - FOTO
12.02.2009 - 19:15
Türkiyə - Azərbaycan görüşü ən yeni və müasir stadionda - FOTO
Türkiyə və Azərbaycan futbol yığmaları arasında beynəlxalq yoldaşlıq görüşü qardaş ölkənin ən yeni və müasir idman qurğusunda keçiriləcək. Apasport.az saytının məlumatına görə, qarşılaşma Kayseri şəhərində inşa olunan “Kadir Has” stadionuna təyin edilib.

40458 tamaşaçı tutumuna malik stadionun açılışı gələn ay olacaq. Türkiyə Superliqasında mübarizə aparan “Kayserispor” martın 8-də burada ilk oyununu “Fənərbaxça”ya qarşı keçirəcək.

Böyükşəhər Bələdiyyə başçısı və “Kayserispor”un fəxri prezidenti Mehmet Özhaseki stadion haqda bunları deyib: “Bu idman qurğusu Kayseriyə və Türkiyə idmanına xidmət göstərəcək. Stadionun həyətində 80 nəfərlik kafe, 100 nəfərlik restoran, avtomobil dayanacağı və park var. Bura ailəvi gələnlər əsl zövq alacaqlar. Mən də qızlarımla gəlib, oyunları seyr edəcəyəm”.

“Kadir Has”da ilk beynəlxalq görüş məhz Türkiyə və Azərbaycan komandaları arasında gerçəkləşəcək. Matç iyunun 2-də baş tutacaq. Türkiyə Futbol Federasiyasının rəhbərliyi, həmçinin dünya çempionatının seçmə mərhələsində oktyabrın 14-də Ermənistan yığmasını bu stadionda qəbul etməyi planlaşdırıb.

Stadionda tikinti işləri ötən həftə yekunlaşıb. “Kadir Has”a yaşıl ot örtüyü isə fevralın 9-da döşənib. Sözügedən idman qurğusunda basketbol, həndbol və voleybol yarışları üçün də zallar fəaliyyət göstərəcək.
0