Şok: Avtobus futbol azarkeşini 5 metr sürüdü - FOTOSESSİYA
16.02.2009 - 13:45
Şok: Avtobus futbol azarkeşini 5 metr sürüdü - FOTOSESSİYA
İtaliya çempionatında dünən keçirilən “Cenoa” - “Fiorentina” matçından sonra böyük qalmaqal yaşanıb. Apasport.az saytının məlumatına görə, 3:3 hesabı ilə bitən oyunun ardından yerli azarkeşlər əsəblərini cilovlaya bilməyiblər. Onları ən çox sevimli komandalarının qələbəni əldən verməsi qıcıqlandırıb.

Belə ki, “Cenoa” 3:0 hesabı ilə öndə olduğu halda, yekunda 1 xalla kifayətlənib. “Fiorentina”lı Adrian Mutunun 60-cı, 80-ci və 90-cı dəqiqədə vurduğu 3 qol genuyalı fanatları qəzəbləndirib. 150 nəfərlik azarkeş ordusu oyundan dərhal sonra “Fiorentina”nın avtobusunun qarşısını kəsib, rəqib komandanın futbolçularına etirazlarını bildiriblər.

Ancaq avtobusun sürücüsü azarkeşlərə məhəl qoymayaraq, yoluna davam edib. Buna görə də fanatlardan biri, 37 yaşlı Qabriele Amato avtobusun sol ön təkəri altında qalıb. Maşın onu 5,6 metr sürüyüb. Bu bədbəxt hadisə nəticəsində Amatonun bud nahiyəsinin sümükləri qırılıb. Onun qabırğalarının da sındığı bildirilir. Xəstəxanaya çatdırılan azarkeş əməliyyat olunub. Buna baxmayaraq, Amatonun vəziyyəti çox ağırdır.

Heç avtobus sürücüsünün də vəziyyəti ürəkaçan deyil. Belə ki, polislər avtobusu yolda saxlatdırıblar. Sürücü dindirilmək üçün polis idarəsinə aparılıb. Çox güman ki, o, cinayət məsuliyyətinə cəlb ediləcək. “Fiorentina”nın futbolçuları isə başqa avtobusla evə yola salınıb.
0