“Srvena Zvezda” Subaşiçi 100 min avroya satır
26.02.2009 - 12:40
“Srvena Zvezda” Subaşiçi 100 min avroya satır
Azərbaycan yığmasının hücumçusu Branimir Subaşiç 100 min avroya satılır. Apasport.az saytının məlumatına görə, Belqrad “Srvena Zvezda”sı transferə çıxardığı 27 yaşlı serbiyalı futbolçunun qiymətini açıqlayıb. Subaşiçin hazırkı komandasıyla hələ 2,5 il müddətinə müqaviləsinin olduğunu nəzərə alsaq, sərbəst şəkildə başqa kluba keçə bilməz. Ancaq Branimir üçün havayı çıxmağın yolu var. Məsələ ondadır ki, “Srvena Zvezda” millimizin üzvünün icarəsinə görə pul istəmir və bunu təmənnasız etməyə hazırdır.

Xatırladaq ki, ötən yay “Neftçi”ni “Srvena Zvezda”ya dəyişən Subaşiçin hazırkı klubuna cəmi yarım ildən sonra lazım olmadı. Belqrad təmsilçisinin keçmiş baş məşqçisi Zdenek Zemanın transfer etdiyi Branimirdən hazırkı çalışdırıcı Çidomir Yanevski imtina etdi. Onu mərkəzdə yox, daha çox sağda oynadan Yanevski bu mövqedə İtaliya A seriyasında oyun təcrübəsi olan Nikola Lazetiçə üstünlük verib.

2003-cü ildə Serbiya və Çernoqoriya yığmasının heyətində milli komandamıza qarşı oynamış, hətta qol vurmuş 31 yaşlı Lazetiçin bir ara “Xəzər-Lənkəran”a keçmək variantı olub. Subaşiç isə vətənində OFK və ya “Çukariçki” klublarından birinə keçmək fikrindədir.
0