İlqar Qurbanov: Çətin ki, komandam məni yığmaya buraxsın
27.02.2009 - 12:14
İlqar Qurbanov: Çətin ki, komandam məni yığmaya buraxsın
“Milli komandaya çoxdan dəvət gözləyirdim. Yığmamızın əvvəlki təlim-məşq toplanışlarına qatılmaq istərdim”. Bunu apasport.az saytına açıqlamasında doqquz aylıq fasilədən sonra Azərbaycan milli komandasına dəvət edilən İlqar Qurbanov deyib.

Türkiyənin Bank Asiya Liqasında mübarizə aparan “Boluspor” klubunun şərəfini qoruyan 23 yaşlı yarımmüdafiəçi yığmamızın martın 16-dan 19-dək Bakıda keçiriləcək təlim-məşq toplanışına çağırılıb. İlqar bundan bixəbər olduğunu söyləyib: “Toplanışa çağırılacağımı sizdən eşidirəm. Əlbəttə ki, özümü yığmada oynamağa hazır sayıram. Milli komandada 17 yaşından oynamışam. Beynəlxalq oyun təcrübəm böyükdür, ölkədən kənarda çıxış edirəm. Bununla belə, milli komandaya çağırılmırdım. Əlbəttə, belə vəziyyətlə üzləşən hər bir futbolçuda inciklik olur. Amma mən peşəkar futbolçuyam və başımı aşağı salıb, öz oyunumu oynayıram. Millidə oynamağa imkan yaradılarsa, bunu reallaşdırmağa, komandamıza kömək etməyə hazıram”.

Futbolçunun aşağı divizionda çıxış etməsi milli komandaya gəlişinə problem yaradır. Məsələ ondadır ki, FİFA-nın təqvimində oyun günləri yalnız yüksək liqa üçün nəzərdə tutulub. Təsadüfi deyil ki, İlqar çağırıldığı toplanışda “Boluspor”un oyununun olduğunu vurğulayıb: “Martın 17-də “Kasımpaşa” ilə ev, 22-də “Qaziantep Bələdiyyəspor”la səfər matçımız var. Xüsusilə “Kasımpaşa” ilə oyunumuz vacibdir. Superliqaya çıxmağa iddialıdır və bu komanda hazırda divizionumuzun lideridir. Göründüyü kimi, “Kasımpaşa” ilə görüş millimizin toplanışına düşür. Çətin ki, komandam məni həmin vaxt yığmaya buraxa. “Kasımpaşa” ilə oyundan sonra yığmanın düşərgəsinə gələ bilərəm. Gərək yığmaya çağırılmağımı klubumun rəhbərliyi ilə müzakirə edəm. Martın 28-də Rusiya ilə Moskvada keçiriləcək rəsmi oyunda iştirak etmək istərdim. Düzdür, həmin matçın ertəsi çempionatda “Sakaryaspor”la ev oyunumuz var. Yəqin ki, rəsmi matç zamanı klubum yığmaya gedişimə problem yaratmaz”.

Qeyd edək ki, Qurbanov sonuncu dəfə milli komandanın formasını ötən ilin iyunun 6-da Andorra ilə səfərdə keçirilən yoldaşlıq görüşündə (2:1) geyinib. O, indiyədək əsas yığmamızda 29 oyun keçirib və 1 qol vurub.
0