“Yaxşı olardı ki, Foqts Azərbaycanda öz məktəbini yaratsın”
11.03.2009 - 17:43
“Yaxşı olardı ki, Foqts Azərbaycanda öz məktəbini yaratsın”
Azərbaycanın gənclər və idman nazirinin müavini, Ağır Atletika Federasiyasının baş katibi İsmayıl İsmayılovun apasport.az saytına müsahibəsi

- Apreldə Rumıniyada ağırlıqqaldırma üzrə növbəti Avropa çempionatı keçiriləcək. Milli komandamızın bu yarışa hazırlığı necə gedir?
- Yığmamız baş məşqçi Vahid Nəzərovun rəhbərliyi altında əvvəlcə Masazırda, sonra Lənkəranda təlim-məşq toplanışında olub. Atletlərin hazırlığına gəlincə, bütün növlərdə idmançılara diqqət ayrılıb. Gənclər və İdman Nazirliyi federasiyaların təqdim etdikləri təqvim-planlara əsasən, təlim-məşq toplanışları təşkil edir, ezamiyyə məsələləri vaxtında həll olunur. Məqsəd ondan ibarətdir ki, idmançılar dövlət tərəfindən onlara göstərilən diqqət və qayğını, etimadı doğrultsunlar.

- Aparıcı ağırlıqqaldıranlarımız Nizami Paşayevlə Turan Mirzəyevin səhhətində problem olduğu bildirilir. Onlar qitə çempionatında iştirak edə biləcəklərmi?
- Dünyada idman o qədər sürətlə inkişaf edir ki, tənbəllik və laqeyd münasibətlə uğurlu nəticə göstərmək müşkül məsələdir. Daima gərgin qrafiklə məşq etmək, hazırlaşmaq lazımdır. İdmançıların hazırlığı zamanı isə həmişə səhhətlərində problem yaranır. Bu gün heç kim zəmanət verə bilməz ki, idmançı məşqdə və ya yarışda zədə almayacaq. Bundan kimsə sığortalanmayıb. Nizami Paşayevin Avropa çempionatında iştirakı planlaşdırılıb. Amma o, qitə birinciliyinə qatılmasa, bu, qəbahət sayılmayacaq. Paşayev zədəlidirsə, biz onu qoruyub, növbəti mötəbər yarışlara saxlaya bilərik. Səhhətində problem ola-ola idmançını çempionata apardıqda, zədənin daha da dərinləşməsi mümkündür. Belə olan halda, həmin atleti həmişəlik itirmək ehtimalı ortaya çıxır. Məşqçilər Şurasının, mütəxəssislərin qərarı əsasında zədəli idmançıya yarış öncəsi güzəşt edilməli, möhlət verilməli, müalicə olunmasına zəmin və şərait yaradılmalıdır. Nazirlik rəhbərliyinin göstərişi ilə Nizami Paşayev hazırda müalicə alır, yarışa hazırlaşır və hazırlıq səviyyəsi qənaətbəxşdir. Əgər gələcəkdə zədəsi ciddi olarsa, onun çempionatda çıxışı təxirə salına bilər.

- Bəs ölkəmizdə ağırlıqqaldırmanın başlıca problemləri hansılardır?
- Maliyyə və idmançıların hazırlığı baxımından çətinliklər yoxdur. Pekin Olimpiadasında 4 ağırlıqqaldıranımızın ilk “onluq”da qərarlaşması o deməkdir ki, Azərbaycanın ağır atletikası heç də zəif deyil. Problem rayonlarla, uşaq idmanını bilən məşqçilərimizin olmaması ilə bağlıdır. Bu istiqamətdə işlər aparırıq. Biz ən müasir avadanlıqlar alaraq, onları rayonlara, idman cəmiyyətlərinə, ehtiyacı olan klublara vermək istəyirik. Hesab edirik ki, bu, kütləviliyin artmasına müsbət təsir göstərəcək. Bundan başqa, yüksək ixtisaslı məşqçi-müəllimlərin olması vacib şərtdir. Hazırda futbol və digər idman növlərinə dünya səviyyəli məşqçilər dəvət edirik. Belə mütəxəssislər yığma komandaların üzvlərinə məşq keçirlər, onları hazırlaşdırırlar. Amma çox yaxşı olardı ki, həmin məşqçilər özləri seleksiya aparsınlar, yeniyetmələrlə işləsinlər və öz məktəblərini yaratsınlar. Məsələn, 5 ildən sonra Berti Foqtsun məktəbi olsun, yaxud Lənkəranda hansısa məşqçinin məktəbi yaransın. Buna görə də ehtiyat qüvvə yaratmaq üçün rayonlarda uşaq idmanının inkişafına böyük diqqət göstəririk.

- Yığmanın bazası - Milli Aviasiya Akademiyasının idman zalı ötən ildən bağlıdır. Ancaq bu haqda ağır atletika ictimaiyyətinə dolğun məlumat verilmir. Hazırda bazada vəziyyət nə yerdədir? Orada təmir işləri aparılır, yoxsa...?
- Bu sahənin peşəkarı kimi deyə bilərəm ki, idmançı eyni yerdə uzun müddət məşq etdikdə psixoloji cəhətdən yorulur. Atletlər özləri Milli Aviasiya Akademiyasının zalından narazılıq edirdilər ki, təyyarənin səsi bizə maneçilik törədir, mənfi təsir göstərir.
Artıq onlar üçün heç bir problem yoxdur. Ən yaxşı mehmanxana “ABU-Arena”dır, orada qalsınlar, qidalansınlar. Bədən Tərbiyəsi və İdman Akademiyasında ixtisaslaşmış ağır atletika zalında isə məşq etsinlər. Haraya lazımdırsa, onları təlim-məşqə göndəririk. Ötən il olimpiadaqabağı yığmanı iki dəfə Moskvaya ezam etdik. Yəni, bu baxımdan problemimiz yoxdur. Heç də düşünmürəm ki, Milli Aviasiya Akademiyasında məşq etməmək ağır atletikaya zərbə vuracaq.

- Baza yenidən istifadəyə veriləcəkmi?
- Əlbəttə. Ora federasiyaya aiddir. Ağır Atletika Federasiyasının prezidenti Cahangir Əsgərov bu növün inkişafına xüsusi diqqət ayırır.

- Çoxdandır ölkəmizdə ağırlıqqaldırma üzrə beynəlxalq yarış keçirilmir. Yaxın vaxtlarda belə bir turnirin təşkili nəzərdə tutulubmu?
- 2010-cu və ya 2011-ci il Avropa çempionatının Azərbaycanda keçirilməsinə namizədliyimizi verəcəyik. Bildiyiniz kimi, Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının prezidenti Tamaş Ayan dörd dəfə ölkəmizdə olub. O, burada milli çempionatı izləyəndə təşkilatçılıqdan çox razı qalmışdı. Hətta Tamaş Ayan ölkə birinciliyinin səviyyəsini dünya çempionatı ilə müqayisə etmişdi. Bu, nazirlik və federasiyasının yüksək təşkilatçılıq bacarığından xəbər verir.

- Cahangir Əsgərovun Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının rəhbər postlarından birini tutacağı gözlənilirdi. Ancaq o, aprelin 1-də İspaniyada keçiriləcək hesabat-seçki konfransı üçün namizədliyini verməyib. Buna səbəb nədir?
- Fikrimcə, bu bir o qədər də vacib amil deyil. Digər federasiyalarımızın rəsmilərinə beynəlxalq qurumların rəhbər postlarında rast gəlmək mümkündür. Bu halın olması pis deyil, bunun əleyhinə çıxmıram. Sadəcə, bizim üçün ən əhəmiyyətli məsələ mütəxəssislərimizin sayəsində idmançılarımızı layiqincə hazırlamaqdır. Əgər ehtiyac varsa, xaricdən də məşqçi dəvət etmək olar.

- Yeri gəlmişkən, futbol, otüstü hokkey, sərbəst güləş yığmalarımıza əcnəbi məşqçilər başçılıq edirlər. Ağır atletika komandasının baş məşqçisi isə Vahid Nəzərovdur. Federasiya rəhbərliyinin yığmanı xarici mütəxəssisə tapşırmaq niyyəti varmı?
- Bu, konfransın səlahiyyətinə aiddir. Mənim ixtiyarım yoxdur deyim ki, kimdənsə xoşum gəlmir, onu işindən çıxarın. Hər bir məsələyə konfransda münasibət bildirilir. Ola bilər, kömək məqsədilə xarici məşqçi gətirilsin.

- Konfrans nə vaxta təyin olunub?
- Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının hesabat-seçki konfransından sonra federasiyamızda da belə yığıncaq keçiriləcək.

- Baş katib kimi milli komandanın baş məşqçisi Vahid Nəzərovun fəaliyyətindən razısınızmı?
- Hazırda Vahid Nəzərov baş məşqçidir, nəticələr var. Fəaliyyət həmişə nəticə ilə bilinir. Əgər Nəzərov nəticə göstərirsə, deməli, iş gedir.

- Milli komandamızdan Avropa çempionatında hansı nəticəni gözləyirsiniz?
- Proqnoz vermək çox çətindir. Düzdür, idmançılarımızın hazırlıq səviyyəsi dünya arenalarında ölkəmizi layiqincə təmsil etməyə imkanı verir. Qeyd edim ki, martın 22-dən etibarən milli komandamız Fransa, Türkiyə, Gürcüstan və Rusiya yığmaları ilə birgə Zaqatalada təlim-məşq toplanışı keçəcək. Bu hazırlıq prosesinin xərclərini öz üzərimizə götürmüşük. Ancaq qarşıdakı qitə birinciliyində hansısa atletimizin qızıl medal qazanacağına 100 faiz zəmanət vermək mümkün deyil. Pekin Olimpiadasında Nizami Paşayevin çempion olacağına böyük ümid bəsləyirdik. Onun çıxış etdiyi 94 kq çəki dərəcəsində bütün atletlər yalnız Nizamidən ehtiyatlanırdılar. Çünki o, olimpiadadan öncə birdən qaldırmada dünya rekordu müəyyənləşdirmişdi. Həm də yoxlama aparmışdıq, Paşayevin səhhəti yaxşı idi, orqanizmində problem yox idi. Lakin idmançı yay olimpiya oyunlarında sıxıntılar, həyəcanlar yaşadığından, orqanizmi “yanır”, onda enerji axını baş verir. Yekunda arzulanan nəticəni göstərmək olmur.

- Bəlkə bir az da konkret danışaq. Avropa çempionatında sizi neçə medal qane edəcək?
- Qitə birinciliyində çox idmançımız yaxşı nəticə göstərmək iqtidarındadır. Nizami Paşayev, İntiqam Zairov, Turan Mirzəyev, Əfqan Bayramov, Sərdar Həsənov medal qazanmağa şanslıdır.
0