Rusiyalı güləşçi Azərbaycan yığmasından qovuldu
13.03.2009 - 13:56
Rusiyalı güləşçi Azərbaycan yığmasından qovuldu
Rusiyalı yunan-Roma güləşçisi Anton Botev Azərbaycan milli komandasından qovulub. Apasport.az saytının məlumatına görə, bu haqda lent.az-a Güləş Federasiyasının vitse-prezidenti Elçin Cəfərov məlumat verib. Onun sözlərinə görə, əslən Rusiyanın Omsk şəhərindən olan pəhləvanın yığmamızdan kənarlaşdırılmasına onun ümidləri doğrultmaması səbəb olub.

Botev millimizin heyətinə 2007-ci ildə Bakıda keçirilən dünya çempionatı öncəsi cəlb edilib. Həmin vaxt komandamızın baş məşqçisi məhz Cəfərov olub. 120 kq çəki dərəcəsində çıxış edən pəhləvan dünya çempionatında bürünc medal uğrunda təsəlliverici görüşdə Ermənistan təmsilçisi Yuri Patrikeyevə uduzub. Botevin indiyə kimi ən böyük uğuru 2008-ci il Pekin Yay Olimpiya Oyunlarına lisenziya qazanması olub. Olimpiadada isə həmyerlimiz 1/8 finalda mübarizəni dayandırıb və yekun nəticədə 10-cu olub.

Cəfərov bildirib ki, Botev zədəli olduğunu səbəb göstərərək, son zamanlar yığmamızın məşqlərinə və yarışlara qatılmayıb. Hazırda isə onunla əlaqə yaratmaq müşkülə çevrilib: “Botev ötən ilin dekabrında keçirilən Azərbaycan çempionatına və bu ilin yanvarında Rusiyada təşkil olunmuş beynəlxalq turnirə qatılmadı. Onunla əlaqə saxladıq, zədəli olduğunu bildirdi. Botevi martın 31-də Litvanın paytaxtı Vilnüsdə start götürəcək Avropa çempionatına hazırlıq prosesinə çağırmaq istəyirdik. Lakin onunla əlaqə yaratmaq istədikdə telefonunun bağlı olduğu üzə çıxdı. Şəxsi məşqçisi isə Antonun hələ də zədəli olduğunu bildirdi. Biz də bir daha Botevə şans verməməyi qərara aldıq”.
0