Nazim Əlicanov: O, Azərbaycan güləşinə qarşı genosid siyasəti aparır
18.03.2009 - 14:38
Nazim Əlicanov: O, Azərbaycan güləşinə qarşı genosid siyasəti aparır
“Mənə heç bir xəbər vermədən yığmanın baş məşqçisi vəzifəsindən çıxarıblar. Bu qərarı haqsız və qərəzli hesab edirəm”. Apasport.az saytının məlumatına görə, bunu lent.az-a açıqlamasında Azərbaycanın qadın güləşi üzrə milli komandasının baş məşqçisi, 2003-cü ildə sərbəst güləş üzrə Avropa çempionu adını qazanmış Nazim Əlicanov deyib.

Yığmamıza rəhbərlik etdiyi 3 il ərzində komandanı sıfırdan formalaşdırdığını deyən Əlicanov 2009-cu ilin yanvarından indiyədək 11 medal qazandıqlarını vurğulayıb. Onun fikrincə, tutduğu vəzifədən çıxarılması Güləş Federasiyasının dağıstanlı vitse-prezidenti Maqomed Əliömərovun əməlidir: “Əliömərov istəyir ki, böyük ənənələrə malik güləş növümüzə dağıstanlıları gətirib doldursun. O, artıq sərbəst güləşdə istəyinə nail olub. İndi də qadın güləşinə əl atıb. Öz həmyerlisi Qurban Qurbanovu məşqçi təyin edib. Mariya Stadnikin şəxsi məşqçisi Orest Skobelskinin yığmaya baş məşqçi təyinatı formal xarakter daşıyır. Çünki o, Stadniklə birgə vaxtının çoxunu Ukraynada keçirəcək. Əsas işi isə Qurbanov görəcək. Bunu Maqomed Əliömərovun əməli hesab edirəm. Əliömərov Azərbaycan güləşinə qarşı genosid siyasəti aparır”.

Baş məşqçi vəzifəsindən çıxarılmasının qadın güləşçilərimiz arasında da narazılıqla qarşılandığını deyən Əlicanov idmançılarımızın martın 31-də Litvanın paytaxtı Vilnüsdə start götürəcək Avropa çempionatına getmək istəmədiklərini açıqlayıb.

Avropa çempionu gənclər və yeniyetmələrdən ibarət yığmamıza baş məşqçi təyin olunsa da, bu vəzifəni icra etməyəcəyini söyləyib: “Mənə deyiblər ki, əsas işin yeniyetmələri 2010-cu il Sinqapur Yay Olimpiya Oyunlarına hazırlamaq olacaq. Həmin olimpiadaya lisenziya yalnız Avropa çempionatında veriləcək. Özü də I yeri tutana. Axı hələ bizdə belə imkanlara malik qızlar yoxdur... Gənc nəsil arasında qadın güləşi ilə məşğul olmaq istəyənlər də çox azdır”.
0