Vahid Nəzərov: Avropa çempionatında “idman xoşbəxtliyi” bizdən üz döndərdi
13.04.2009 - 12:51
Vahid Nəzərov: Avropa çempionatında “idman xoşbəxtliyi” bizdən üz döndərdi
“Avropa çempionatında daha çox medal qazana bilərdik. Lakin “idman xoşbəxtliyi” bizdən üz döndərdi”. Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan ağırlıqqaldırma yığmasının baş məşqçisi Vahid Nəzərov deyib.

Rumıniyanın paytaxtı Buxarestdə keçirilmiş Avropa çempionatının yekunları barədə danışan Nəzərov nəticədən razı qaldığını bildirib. O, qitə birinciliyində qazanılan uğuru milli komanda üzvlərinin püxtələşməsi ilə əlaqələndirib: “Mən Pekin Olimpiadasına il yarım qalmış yığmaya baş məşqçi təyin olundum. Həmin ərəfədə vaxtımız çox az idi. İndi isə artıq atletlərimiz püxtələşib, kifayət qədər təcrübə toplayıblar”.

Baş məşqçi vurğulayıb ki, Rumıniyada fəxri kürsüyə yüksələ bilməyən Əfqan Bayramov, Namiq Cəmilov və Rövşən Fətullayev da yaxşı təsir bağışlayıblar: “Onlar da medal qazana bilərdilər. Məsələn, 22 yaşlı Rövşən arxayınlaşdığı üçün 4-cü yerlə kifayətləndi. Çünki onu çox tərifləyirdilər, hətta Fətullayevi “Nizami Paşayevin davamçısı” da adlandırırdılar”.

Məsul yarışda taktiki cəhətdən də uğurlu gedişlər etdiklərini söyləyən Nəzərovun komandası digər ölkə nümayəndələrinin də diqqətini çəkib: “Türkiyə, Rumıniya, Rusiya, həmçinin Ukrayna Ağır Atletika Federasiyasının prezidentləri yığmamızın ünvanına xoş sözlər söylədilər. Onlar Azərbaycanı Avropanın ən güclü komandalarından biri hesab etdiklərini bildirdilər”.

Qeyd edək ki, qitə çempionatında yığmamız 2 gümüş medalla, komanda hesabında 3-cü yeri tutub.
0