Zeynal Məmmədov: “Olimpik” rəhbərliyinin dedikləri cəfəngiyat idi
13.04.2009 - 16:23
Zeynal Məmmədov: “Olimpik” rəhbərliyinin dedikləri cəfəngiyat idi
“Olimpik” klubu rəhbərliyi bizimlə oyunu yenidən keçirməyə razılıq verməsini söz xətrinə dedi. Onların irəli sürdüyü şərt o demək idi ki, oynamırıq. Bundansa, birdəfəlik deyərdilər ki, oynamırıq”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Bakı” klubunun vitse-prezidenti Zeynal Məmmədov deyib.

Onun sözlərinə görə, Azərbaycan Premyer Liqasının XX turu çərçivəsində “Şəfa” stadionunda 1:2 hesabı ilə uduzduqları “Olimpik” klubu sözünün üstündə durmayıb: “Mətbuat konfransı keçirib, oyunun yenidən keçirilməsi ilə bağlı şərtlərini açıqladılar. Ancaq bununla bağlı rəsmi sənəd imzalamadılar. “Olimpik” klubunun prezidenti Rəsul Rəsulov dedi ki, biz belə məktub verə bilmərik. Onlar sadəcə, jurnalistləri yığıb, ilk dövrədə “Bakı”ya hakim səhvləri hesabına uduzduqlarını qabartmaq istəyirdilər. Mən bilirdim ki, Peşəkar Futbol Liqası ilk dövrədəki oyunun da yenidən keçirilməsi şərti ilə razılaşmayacaq. “Olimpik”, “Bakı” yox, hansı komanda olursa olsun, axı buna kim qol qoyardı? Bəs indiyə kimi harada idilər, niyə indi bunu ortaya çıxarırlar? Bu, onu göstərir ki, dedikləri cəfəngiyat idi”.

Məmmədov “Olimpik”in düzgün saymadıqları şərtinin qəbul etməyə hazır olmalarına belə izah verib: “Biz, elə AFFA ilə Peşəkar Futbol Liqası da bu ləkənin aradan qaldırılmasına çalışırdı. Hər şeyə razı idik, təki bu ləkə futbolumuzun üzərindən götürülsün. Peşəkar Futbol Liqası da görüşün yenidən keçirilməsi üçün şərait yaratmağa hazır idi. Axı “Bakı” hakim səhvləri yox, “Fair play” qaydalarının pozulmasına görə səs-küy salmışdı. Hakim səhvlərinə qalsa, onda gərək bütün çempionat yenidən keçirilsin. Bizim oyunlarda o qədər hakim səhvi olub ki... Xaqani Məmmədov özü mənə demişdi ki, “Bakı” ötən mövsüm 15-16 xalı hakim səhvlərinə görə itirdi. Həmin vaxt o, yenicə Hakimlər Komitəsinin sədri təyin edilmişdi”.

Vitse-prezident “Olimpik”lə oyunun yenidən keçiriləcəyinə ümidini itirib: “Bu məsələni demək olar bitmiş saymaq olar. Amma bu xəmir hələ çox su aparacaq. “Olimpik” – “Bakı” oyununda baş verənlər haqda hələ çox danışılacaq. İndi bütün diqqətimizi qalan 5 oyuna yönəltməliyik. Bizim də, elə “İnter”in də çətin oyunları qalıb. Yenə xal itkiləri mümkündür və mübarizə sona qədər davam edəcək. Çempionluq vəzifəsini yerinə yetirmək üçün maksimum xal toplamaq lazımdır”.
0