Valeriya Korotenko Türkiyə çempionluğunun bir addımlığında
22.04.2009 - 12:25
Valeriya Korotenko Türkiyə çempionluğunun bir addımlığında
Türkiyə voleybol çempionatında final mərhələsinin oyunları start götürüb. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığmasının üzvləri Valeriya Korotenko və Oksana Parxomenkonun formasını geyindiyi “Fənərbaxça Acibadem” qızıl medallar uğrunda “Əzcaçıbaşı Zenitva” klubuna qarşı ilk görüşünü keçirib.

Hər iki voleybolçumuzun iştirak etdiyi oyun olduqca maralı alınıb. İlk iki setdə rəqibinə yenilən (24:26, 22:25) “Fənərbaxça” toparlanaraq 27:25 və 25:23 hesablı qələbələrlə bərabərliyi təmin edib – 2:2. Tay-brekdə isə daha yaxşı oynayan İstanbul təmsilçisi sevinən tərəf olub - 15:10.
Komandalar arasında növbəti qarşılaşma aprelin 24-də baş tutacaq. Bu oyunlarda üç dəfə qələbə qazanan klub Türkiyə çempionu olacaq.
Yerli mətbuat voleybolçularımızın çıxışını üç ulduzla qiymətləndirib. Bu isə o deməkdir ki, onlar görüşün ən yaxşısı seçiliblər.
0