Milyonların sevimlisi kimləri əziyyətə salır? - FOTOSESSİYA
29.04.2009 - 14:05
Milyonların sevimlisi kimləri əziyyətə salır? - FOTOSESSİYA
Hər gün dünyanın müxtəlif yaşıl meydançalarında keçirilən futbol oyunlarında xeyli topdan istifadə olunur. 500 qrama yaxın çəkisi olan bu “dəri kürə” milyonlarla insanı özünə bənd edib. Təsadüfi deyil ki, məhz topla vurulan qollar futbolun bəzəyi hesab olunur. Bəs görəsən futbol topları harada, necə və hansı şəraitdə istehsal edilir?

Apasport.az saytının araşdırmalarına görə, futbol toplarının əsas ixracatçısı Pakistandır. Topların təxminən 80 faizi bu Asiya ölkəsində araya-ərsəyə gətirilir. Bu sahə üzrə Pakistan Sialkot şəhəri ixtisaslaşıb. Burada “dəri kürə” min bir əzab-əziyyətlə tikilir. Sialkotda əl əməyi sayəsində ildə 40 milyona qədər top hazırlanır. Pakistan top ixracatından 1 il ərzində 500 milyon dollar qazanc götürür.

“Nəyə görə məhz Pakistan” sualının da cavabı asandır. Çünki burada ucuz işçi qüvvəsi tapmaq mümkündür. Tanınmış firmalar Pakistan və Asiyanın digər az inkişaf etmiş ölkələrində filiallar açmaqla, böyük məbləğli xərclərdən qurtulurlar. Əgər top istehsalını Avropada həyata keçirmək istəyirsənsə, külli miqdarda pulundan keçməli olacaqsan. Çünki heç bir avropalı pakistanlı kimi az maaşla kifayətlənmir...

Sialkot şəhərində minlərlə adamın əsas peşəsi top atelyelərində işləməkdir. Onlar yarıqaranlıq atelyelərdə gündə 12-14 saat tikişlə məşğul olurlar. Bir topun hazır vəziyyətə gəlməsi üçün 750 tikiş lazımdır. Bir nəfər isə 1 günə maksimum 4 top tikə bilər.

Göründüyü kimi, top tikmək pakistanlıların heç də sevimli işi deyil. Onlar yalnız ehtiyac üzündən belə ağır əməyə qatlaşırlar. Buna görə də atelyelərdə tez-tez uşaqlara da rast gəlinir. Bir sıra beynəlxalq təşkilatlar uşaqların atelyelərdə işləmələri ilə bağlı araşdırmalar aparıblar. Nəticədə 1997-ci ildə Pakistanın İdman Malları Sənayesi, UNİCEF, “Save the Children” fondu və başqa beynəlxalq təşkilatlarla birgə anlaşmaya imza atıblar.

Bu müqavilə Pakistanın top istehsalında uşaq əməyinin mənimsənilməsinin qarşısını almaq üçün bağlanmışdı. Lakin zaman keçdikcə anlaşmanın formal sənəd olduğu müəyyənləşdi. Çünki yenə də uşaqlar və böyüklər zirzəmiyə bənzər atelyelərdə saatlarla əlləşir, evlərinə çörəkpulu aparmaq üçün bütün günlərini tikişə həsr edirlər. Axı, belə etməsələr, onlar ac qalarlar…
0