Biri razıdır, biri narazı
31.05.2009 - 01:26
Biri razıdır, biri narazı
Azərbaycan güləş yığmalarının baş məşqçiləri İtaliyanın Sassari şəhərində başa çatan sayca 14-cü “Town of Sassari” beynəlxalq turniri ilə bağlı fikirlərini bildiriblər. Apasport.az saytının məlumatına görə, federasiyanın vitse-prezidenti, yığma komandanın baş məşqçisi Elçin Cəfərov yarışın yekunundan razı qalıb: “Təlim-məşq toplantılarının yekununa əsasən yoxlama xarakterli bu turnirin nəticələri qənaətbəxşdir. Çünki Sakit Cəlilov istisna olmaqla, digər medal qazanmış idmançılarımız öz çəkilərindən yuxarı çəki dərəcəsində çıxış ediblər. Nəzərə alsaq ki, turnirdə olimpiada, dünya və Avropa çempionatları kimi nüfuzlu yarışların mükafatçıları da iştirak edib, o zaman nəticələri normal qəbul etmək olar”.

Əldə edilən 2 qızıl və 2 bürünc medala baxmayaraq, qadınlardan ibarət yığma komandanın baş məşqçisi Orest Skobelski isə güləşçilərimizin çıxışından tam razı qalmayıb: “6 nəfərə 4 medal qazansaq da, qızların çıxışından tam razı qalmadım. Çatışmazlıqlar var və onları aradan qaldırmaq üçün çox çalışmalıyıq”.
0