Ağacan Abıyev: O, ləyaqətsiz hərəkətinə görə üzr istəməlidir!
02.06.2009 - 15:06
Ağacan Abıyev: O, ləyaqətsiz hərəkətinə görə üzr istəməlidir!
Pekin Olimpiadasının iştirakçısı Samir Məmmədov Azərbaycan boks yığmasından kənarlaşdırılıb. Apasport.az saytının məlumatına görə, Bakıda təşkil edilən “İpək Yolu” turnirində çıxışını qalmaqalla başa vuran idmançı cəzalandığı üçün iyunun 7-dən 14-dək Qazaxıstanda keçiriləcək beynəlxalq turnirə aparılmayacaq.

Boks Federasiyasının birinci vitse-prezidenti Ağacan Abıyev bildirib ki, Məmmədovun diskvalifikasiyası onun turnirdəki hərəkətlərinə görə rəsmi şəkildə üzr istəməsinədək davam edəcək: “O, çoxlu tamaşaçı və idman ictimaiyyəti qarşısında ana söyüşü edib və bunu hamı eşidib. Bu səbəbdən də öz ləyaqətsiz hərəkətinə görə rəsmi şəkildə üzr istəməsə, nə milli komandaya, nə də beynəlxalq turnirlərə dəvət olunacaq. Özü də Məmmədov bunu mətbuatda etməlidir”.

Boks yığmasının liderlərindən olan Elçin Əlizadə də Qazaxıstana yollanacaq heyətdə yer almayıb. Hazırda xəstə olan Elçin həm də barmağını zədələyib. “İpək Yolu” turnirindən sonra yığmanın aparıcı üzvlərinə istirahət verilmişdi. Qazaxıstana səfər öncəsi isə baş məşqçi Nəriman Abdullayev yetirmələrinə təlim-məşq toplanışında bir araya gətirib.

Qazaxıstana isə Nihat Seyidov (51 kiloqram), Rəhim Nəcəfov (54 kq), Elçin Ağayev (57 kq), Famil Süleymanov (60 kq), Sadiq Eynullayev (64 kq), Emil Məhərrəmov (69 kq), Fərid Ağayev və Rahib Bəylərov (hər ikisi 75 kq), Hafiz İsgəndərov (81 kq) və Elnur Qədirov (91 kq) özünü sınayacaq.

Mənbə: extratime.az
0