20 min manat və əsgəri salam - FOTOSESSİYA
16.06.2009 - 12:14
20 min manat və əsgəri salam - FOTOSESSİYA
Mərhum prezident Heydər Əliyevin xatirəsinə həsr olunmuş ali məktəb tələbələri arasında futbol üzrə II respublika çempionatı başa çatıb. Apasport.az saytının məlumatına görə, turnirdə üçüncü yeri Azərbaycan Dövlət Neft Akademiyasının komandasını 5:2 hesabı ilə məğlub etmiş Azərbaycan Beynəlxalq Universitetinin kollektivi tutub.

Daha sonra “Şəfa” stadionunda final matçı keçirilib. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbələri həlledici görüşdə Azərbaycan Texniki Universitetinin komandasını minimal hesabla üstələyib. Yeganə qol birinci hissədə penalti zərbəsi ilə vurulub. Maraqlıdır ki, qolun müəllifi 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirdikdən sonra sevincini əsgəri salam verməklə qeyd edib.

Final oyununu AFFA prezidenti Rövnəq Abdullayev, baş katib Elxan Məmmədov, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, eləcə də assosiasiyanın İcraiyyə Komitəsinin üzvləri də izləyiblər. II respublika çempionatının baş sponsoru olan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən qaliblərə pul mükafatları təqdim edilib. Birinci yerə 20 min, gümüş medalçıya 15 min, üçüncü pillənin sahibinə isə 10 min manat verilib.

AFFA-nın prezidenti Rövnəq Abdullayev qaliblərə mükafatlar təqdim edərək, onlara daha böyük uğurlar arzulayıb.
0